BAKI. 30 iyul. TELEQRAF
İyulun 27-də axşam saat 23:00-da Şabran rayonunun Uzunboyad kəndində kütləvi dava baş verib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, kənd sakini Zöhrab Sədrəddin oğlu Əliyev icarə əsasında işlədiyi “Ruslanın kafesi”ndə digər kənd sakini Nurlan Dadaş oğlu Dadaşov ilə aralarında söyüş üstündə mübahisə yaranıb.
Mübahisə qısa müddətdə kütləvi davaya çevrilib.
Dava sakitləşdikdən sonra Nurlan Dadaşov evə gedərək bıçaq götürüb, həmçinin özünə kömək üçün oğlu, qardaşı oğlu və əlavə 4 nəfəri də götürərək yenidən kafeyə qayıdıb.
N.Dadaşov qohumları ilə birlikdə Zöhrab Əliyevə hücum ediblər. Bu zaman N.Dadaşov Əliyevə bıçaq xəsarətləri yetirib. Yaralı qolundan, qarın nahiyəsindən və əlindən bıçaq zərbələri alıb.
Z.Əliyev dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, onun həyatına təhlükə yoxdur.
Məlumata görə, hadisə ilə bağlı ekspertiza təyin olunub.
Qeyd olunub ki, Z.Əliyevə N.Dadaşov dərəcəsi müəyyən edilməyən xəsarət yetirib.
Ekspertizanın rəyindən sonra məsələyə hüquqi qiymət veriləcək.
Hazırda faktla bağlı araşdırma aparılır.