"Uşaqları aclıqla öldürən hökumətə silah satmaq cinayətdir..."
ABŞ senatoru Berni Sanders İsrailə silah satışının dərhal dayandırılması üçün Senatda səsverməyə çağırır. O, bu çağırışını İsrailin Qəzza bölgəsində törətdiyi müharibə cinayətləri və humanitar blokadaya istinadla əsaslandırır.
Moderator.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" agentliyi məlumat yayıb.
Sandersin sözlərinə görə, ABŞ artıq uzun illərdir İsrailin "irqi ayrı-seçkilik və ekstremizm siyasətini" maliyyələşdirir və bu siyasət 60 mindən çox fələstinlinin, əsasən qadınların və uşaqların ölümünə səbəb olub. Senator hesab edir ki, Binyamin Netanyahu hökumətinə silah satışı ABŞ-ın xarici yardım qanunvericiliyinə ziddir və ABŞ vergiödəyicilərinin pulları bu cinayətləri dəstəkləmək üçün xərclənməməlidir.
Sandersin təqdim etdiyi sənəddə qeyd olunur ki, Qəzzada humanitar yardıma maneə törədilir, aclıq kütləvi miqyas alıb və yardım almağa çalışan dinc sakinlərə atəş açılır. Eyni zamanda, Qərb sahilində İsrail məskunlaşmaçılarının fələstinlilərin torpaqlarını zəbt etməsi və cinayət məsuliyyətindən yayınması da xüsusi vurğulanır. Senatorın qənaətinə görə, ABŞ bu cür pozuntulara xidmət edən silah tədarükünə son verməlidir.
İran və Avropa: Vaşinqtonun iki cəbhədəki təzyiqləri
İran tərəfi də ABŞ-ın İsrailə dəstəyini sərt şəkildə tənqid edir. Rəsmi Tehran ABŞ prezidenti Donald Trampın İrana qarşı yönəlmiş ittihamlarını "məsuliyyətdən yayınmaq üçün əsasız bəhanə" adlandırıb. İran XİN nümayəndəsi İsmayıl Baqai bildirib ki, əsl günah ABŞ-ın "siionist rejimlə cinayət ortaqlığında" olması və Qəzzada aclıqdan əziyyət çəkən dinc əhalinin ölümünə dolayı səbəb yaratmasıdır. İranın ali lideri ayətullah Xamenei isə ABŞ-ın İrana qarşı düşmənçiliyini nüvə proqramı ilə deyil, İran xalqının dini, elmi və texnoloji inkişafı ilə əlaqələndirib. Onun sözlərinə görə, Qərbin "əsl problemi" İslamın ideoloji gücüdür və İran bundan geri çəkilməyəcək.
Avropalı dənizçilər də silah daşınmasına qarşı çıxır
Eyni zamanda, Avropanın müxtəlif limanlarında çalışan dənizçilər İsrailə silah ixracına qarşı etiraz aksiyalarına qoşulub. İtaliyanın Genuya limanında fəaliyyət göstərən fəallar, xüsusilə Jose Nivoy, İtaliya qanunvericiliyinə əsaslanaraq müharibə zonasına silah daşınmasının qadağan olduğunu xatırladır. Onlar dövlətin silah daşımalarını "xüsusi müqavilə" kimi təqdim etməsini "banan ticarəti" ilə müqayisə edir. İtaliya 2024-cü ildə İsrailə yeni silah satışını dayandırsa da, 2023-cü ilin oktyabrınadək bağlanmış müqavilələr hələ də qüvvədədir. Bu müqavilələr çərçivəsində silah, sursat və ehtiyat hissələrinin tədarükü davam edir.
ABŞ, Almaniya və İtaliyanın silah ixracında rolu
Statistikaya görə, İsrail hərbi arsenalının 70 faizi ABŞ-dan, 20 faizə qədəri isə Almaniyadan gəlir. İtaliya isə silah tədarükündə üçüncü yerdədir. Bununla belə, BMT-nin Silah Ticarəti haqqında Müqaviləsi və Avropa İttifaqının müvafiq qərarları insan hüquqlarının pozulduğu bölgələrə silah satışını qadağan edir. Lakin bu normaların icrası hər bir dövlətin öz öhdəliyinə buraxıldığından effektiv mexanizm mövcud deyil.
2025-ci ilin mayında Avropa İttifaqı İsraillə imzalanmış Tərəfdaşlıq Sazişinin insan hüquqları ilə bağlı müddəasının pozulduğunu rəsmi şəkildə tanıyıb. Lakin iyula qədər Avtopa İttifaqı heç bir real addım atmayıb və silah embarqosu məsələsində yenidən birlik daxilində ciddi parçalanmalar ortaya çıxıb.
İnsan faciəsinin ortaqları
İsrailin Qəzzadakı hərbi əməliyyatları getdikcə daha çox beynəlxalq narazılığa səbəb olur. ABŞ-da senatorlar, Avropada fəallar və İran kimi dövlətlər müxtəlif formalarda bu siyasətə etiraz etsələr də, hələlik real sanksiya və ya embarqo görünmür. Vaşinqtonun və Brüsselin səssizliyi isə təkcə siyasi deyil, həm də insani bir faciəyə ortaq olmaq deməkdir.