İspaniyanın “Barselona” futbol klubu ilə Konqo Demokratik Respublikası hökuməti arasında dörd illik əməkdaşlıq haqqında razılıq əldə olunub. Bu tərəfdaşlığın məqsədi futbolun, idman mədəniyyətinin və sülhün təşviqidir.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, saziş Konqoda müxtəlif idman növlərinin inkişafına dəstək vermək və gənc idmançıların yetişdirilməsi istiqamətində ortaq səyləri əks etdirir. “Barselona” öz növbəsində gənc idmançılara klubun dəyərlər sistemini – “Barsa”nın model və stilinin ayrılmaz hissəsini – ötürəcək.
“Barsa Akademiyaları” şəbəkəsi vasitəsilə klub bölgədə futbol, basketbol, handbol, futzal və rolikli xokkey daxil olmaqla əsas idman növlərinə həsr olunmuş təlim düşərgələri və tədris proqramları təşkil edib inkişaf etdirəcək.
Tərəfdaşlıq çərçivəsində, 2028/2029 mövsümünün sonuna qədər “Barselona”nın bütün peşəkar komandalarının məşq formalarında “R.D. Congo – Cœur d’Afrique” (“Konqo Demokratik Respublikası – Afrikanın Qəlbi”) loqosu yerləşdiriləcək. Həmçinin bu yazı klubun bütün reklam kampaniyalarında yer alacaq.
Bundan əlavə, yenilənmiş “Kamp Nou” stadionunda “DR Konqo Evi” adlı interaktiv sərgi açılacaq. Bu sərgidə Konqo Demokratik Respublikasının zəngin mədəni müxtəlifliyi və idman ənənələri təqdim olunacaq.