“Qarabağ” komandası UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya “Şelburn”una qarşı cavab görüşünə çıxıb.
AzPost xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunmuş oyun Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:0.
Yeganə topu 44-cü dəqiqədə rəqib futbolçu Con Martin öz qapısından keçirib.
68-ci dəqiqədə isə Kadi Borges penaltini boşa verərək, “Qarabağ”ın fərqi artırmaq imkanını qaçırıb.
Bununla belə, səfər matçında da 3:0 hesablı qələbə qazandığı üçün Ağdam komandası Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib. Növbəti mərhələdə rəqib “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi olacaq. “Qarabağ” ilk oyununu avqustun 6-da səfərdə, cavab görüşünü avqustun 12-də evdə keçirəcək.