Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı aktrisa Gülşən Qurbanovaya həsr olunub.
Verilişdə sənətkarın dostları aktrisa ilə bağlı xatirələrini bölüşüblər. Onlar Gülşən Qurbanovanın sənətkarlığı və insani keyfiyyətlərindən söz açıblar.
"Gülşən xanım təkcə istedadı ilə deyil, eyni zamanda cazibəsi və şirinliyi ilə də fərqlənirdi. Onun səhnədə etdiyi improvizasiyalar tamaşaçılar tərəfindən rəğbətlə qarşılanırdı. Bəzən bir obrazı canlandırmaq üçün aktyorlar ağır kostyumlar geyinir, mürəkkəb qrim edirlər. Lakin Gülşən xanımın belə vasitələrə heç vaxt ehtiyacı olmayıb. O, sadə geyim və makiyajla səhnəyə çıxaraq obrazını yüksək səviyyədə təqdim edə bilirdi", ‒ deyə Əməkdar artist Elnur Hüseynov bildirib.
Verilişdə, həmçinin aktrisanın qeyri-adi vəsiyyəti haqqında danışılıb. İddialara görə, Gülşən Qurbanova "ölsəm, məni 1-2 gün saxlayın, sonra dəfn edərsiniz" deyib. Zamanla yayılan bəzi şayiələrə əsasən, aktrisanın qəbirdə canlandığı, hətta kəfənin düyününün açıldığı deyilir. Lakin bu cür söz-söhbətlər onun yaxınları tərəfindən təkzib olunur. "Bunlar yalan məlumatlardır, jurnalistlərin uydurmalarıdır. Üç dəfə infarkt keçirən bir insan necə sağ qala bilər?!" ‒ deyə Xalq artisti Yasin Qarayev əlavə edib.
Ətraflı süjetdə: