Müəllif: Tamara Mustafayeva, Banco.az
“Google” Avropa İttifaqının süni intellektin tətbiqi qaydalarına imza atacağını açıqlayıb.
Banco.azxəbər verir ki, şirkət bununla yanaşı xəbərdarlıq edib ki, bu tənzimləmələr Avropada süni intellektin inkişafını ləngidə bilər. “Google”un Qlobal Əlaqələr üzrə rəhbəri Kent Uolker tətbiq qaydalarının yekun variantının Aİ-nin ilkin təklifindən daha yaxşı olduğunu qəbul etsə də, Süni İntellekt Qanunu və qaydalarla bağlı narahatlıqlarının hələ də mövcud olduğunu bildirib.
Uolker qeyd edib: “Süni İntellekt Qanunu və Tənzimləmələrinin Avropada süni intellektin inkişafı və tətbiqini ləngitmək riski daşımasından narahatıq.”
Bu qaydalardan təsirlənməsi ehtimal olunan şirkətlər arasında “Anthropic”, “Google”, “Meta” və “OpenAI” kimi nəhəng adlar da yer alır. Xüsusilə “Meta” bu ayın əvvəlində Aİ-nin süni intellektlə bağlı qanunvericiliyi tətbiq etmə tərzini “həddindən artıq səlahiyyətdən istifadə” kimi qiymətləndirərək, Avropanın süni intellekt sahəsində yanlış yolda olduğunu bildirmiş və bu səbəbdən qaydaları imzalamayacağını açıqlamışdı.
Aİ-nin Süni İntellekt Qaydaları nələri əhatə edir?
Avropa İttifaqının süni intellektdən istifadə ilə bağlı mərhələli şəkildə sərt qaydalar tətbiq edən qanunun müddəaları 1 avqustdan qüvvəyə minəcək. Bu çərçivədə aşağıdakı süni intellekt sistemlərinin istifadəsi qadağan edilib:
Sosial reytinq aparan sistemlər,
İş yerlərində və təhsil müəssisələrində emosiyaları müəyyən edən sistemlər,
İnternet və ya müşahidə kameralarından əldə edilən üz görüntüləri ilə verilənlər bazası yaradan sistemlər,
Fərdlərin xüsusiyyətlərini əsas götürərək cinayət törətmə riski ilə bağlı profil çıxaran sistemlər,
İrq, siyasi baxış, həmkarlar ittifaqına üzvlük, din, inanc, cinsi həyat kimi məlumatları kateqoriyalara ayıran biometrik süni intellekt sistemləri.
Bizi sosial şəbəkələrdən izləyin!!