AZ

Fərid Nəbiyev yenidən “Kəpəz”də!

Son olaraq “Səbail” komandasının uğurları üçün çalışmış hücumameyilli yarımmüdafiəçi Fərid Nəbiyev sabiq klubu “Kəpəz”ə qayıdıb.

Arena.az bu barədə Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, Nəbiyev yenidən bu komandada çıxış edəcək. 26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Fərid Nəbiyev ilk dəfə 2022/2023-cü illər mövsümündə “Kəpəz”in şərəfini qoruyub. Futbolçu həmin dövrdə 30 çempionat oyununda 4 qol vurub və 7 assist edib.

Nəbiyevin son klubu “Səbail” olub. O, ötən mövsümün əvvəlindən “dənizçilər”in uğurları üçün çalışırdı.

“Qəbələ”nin yetirməsi olan Fərid karyerası ərzində “Slaviya” (Praqa, Çexiya), “Şevardeni”, “Viktoriya” (Jijkov, Çexiya), “Turan Tovuz” kimi klubların da formasını geyinib. Azərbaycanın U-17, U-19, U-20 və U-21 yığmalarında oynamış yarımmüdafiəçiyə əsas millidə debüt qismət olmayıb.

“Kəpəz” daha öncə Şakir Seyidov, Pedro Qomes, Adama Fofana, Məqsəd İsayev, Otar Aptsiauri və Katsper Rosanı da heyətinə qatmışdı. Trent Buhaqyar, Yeqor Xvalko, Rati Ardazişvili, Kərim Lkuça, Dioqo Verdaska, Rojerio Santos, Valdemar Almeyda, Tural Rzayev, Turan Manafov, Nicat Süleymanov, Camal Cəfərov, Rauf Hüseynli, Nemət Musayev və Şervoni Mabatşoev komandanı tərk ediblər. Mahamadu Ba, Paçu Lira və Ehtiram Şahverdiyevlə isə yeni müqavilə imzalanıb.

Seçilən
4
arena.az

1Mənbələr