“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında İrlandiyanın “Şelburn” klubunu qəbul edib.
Rekord.az xəbər verir ki, 1:0 hesabı ilə qalib gələn “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun oyundan sonra mətbuat konfransı keçirilib. Qurbanov bəzi çatışmazlıqların olduğunu bildirib:
“Futbolçularımı təbrik edirəm, mərhələni keçdilər. Bəzi çatışmazlıqlar var idi, onları aradan qaldırnaq lazımdır. Rəqib təhlükəli komanda idi. Yaxşı hazırlaşmışdılar. İlk oyunda 3:0 məğlub olduqları halda bizə çətinliklər yaşatdılar. Futbolçularıma irad bildirə bilmərəm. Mövsüm yeni başlayıb, oyundan-oyuna daha artıracaqlar.
Yeni transferlərin uyğunlaşması normaldır. Fiziki problemləri var. Ümumən, uyğunlaşmaq üçün bir neçə oyun keçirməlidirlər.
Kadi Borges universal oyunçudur. Həm rəqibə, həm də uyğun istənilən mövqedə çıxış edə bilər.
Yankoviç də digərləri kimi bizim vacib oyunçulardan biridir. Futbol elədir ki, zədələrdən yayınmaq bəzən olmur. O olmasa belə, digər futbolçular onu əvəzləyə bilir. Ümumən, mən bütün futbolçularımın sağlam olmasını istəyirəm. Oyunçularım sağlam olanda məşqlərimiz də yaxşı keçir.
Penalti epizodu ilə bağlı oyunçunun üzərinə getmək düzgün deyil. Həmişə demişəm, ən güclü oyunçular belə, penalti vuruşunu qaçırır. Hesab bəlkə, 0:0 olsaydı, vuracaqdı. Amma hər bir halda, daha diqqətli olmaq lazımdır.
Həm Mmaeyə şans yaratmaq istədim, həm də Kevin Medinanı riskə atmaq istəmədim. Çünki qarşıda oyunlarımız var. Əsasən, buna görə əvəzlədim.
12 il ardıcıl qruplarda olmaq sabitlikdir. Biz daha artığını istəyirik. Uşaqlara həmişə demişəm ki, şansımız varsa, maksimumun etmək lazımdır. Şansımız varsa, Çempionlar Liqasının qruplarına düşmək niyə də olmasın. Olmasa, Avropa Liqası, o da olmasa Konfrans Liqası… Konfrans Liqasının qrupunda olmağı dəqiqləşdirdik. Payızda ən azı bu var. Çempionat oyunlarımız da belə atmosferdə keçərsə, bu qədər azarkeş qarışısında oynanılarsa, futbolumuz da bir o qədər inkişaf edər”.
İlk oyunda səfərdə 3:0 hesabı ilə qalib gələn Ağdam klubu çıxışını növbəti mərhələdə davam etdirəcək. Komanda 3-cü təsnifat mərhələsində “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.