Ajans.az xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub. Komandamız mundialda 1 dəst medal qazanıb. Abdurrahman Hüseynli (45 kq) ukraynalı Timur Məhərrəmova tam üstünlüklə (9:0) qalib gələrək bürünc medal qazanıb. Hikmət Haqverdiyev (51 kq) finalda özbəkistanlı Otabek Tursunova 1:4 hesabıyla məğlub olub və gümüş medalı boynundan asıb. Əli Nəzərov (60 kq) həlledici görüşdə qırğızıstanlı Amangəldi Ysakbayevə heç bir şans tanımayıb. Rəqibini 6:1 hesabıyla üstələyən həmyerlimiz dünya çempionu olub. Yusif Əhmədli (71 kq) bürünc medal görüşündə iranlı Mohammad Kazımiyə minimal fərqlə (3:4) məğlub olub. Səid Paşayev (92 kq) gündüz seansında təsəlliverici görüşlərə çıxıb və moldovalı Vladislav Vasilevskiylə (9:0) qazaxıstanlı Adilet Toişiyə (tuş) vaxtından əvvəl qalib gəlib. Ancaq bürünc medal uğrunda qarşılaşmada türkiyəli Ahmet Uzuna 0:5 hesabıyla uduzaraq, 5-ci yerlə kifayətlənib.

DÇ-də 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan millimiz 100 xal toplayaraq, komanda hesabında Qırğızıstanla 4-5-ci yerləri bölüşüb.