ABŞ-da bu ilin ikinci rübündə iqtisadi artım gözləniləndən artıq – 3 faiz təşkil edib. Bu, prezident Donald Trampın yenidən Federal Ehtiyatlar Sisteminin(FED) rəhbəri Cerom Pauellə hücuma həvəsləndirib.
"Ölkə.az" xəbər verir ki, o, Truth Social hesabında Pauelli faiz dərəcələrini aşağı salmağa çağırıb: "İkinci rüb ÜDM-i yenicə açıqlandı: 3 faiz - gözləniləndən daha yaxşı. “Cənab çox ləng” (FED sədri) dərəcələri azaltmalıdır".
Qeyd edək ki, Tramp əvvəllər dəfələrlə Pauelli sərt tənqid edib və onun vəzifəsindən getməsini tələb edəcəyini bildirib. Amerika lideri vurğulayıb ki, onun fikrincə, FED baza faiz dərəcəsini aşağı salmalıdır. Tramp iddia edib ki, maliyyə tənzimləyicisi bunu qəsdən etmir ki, ABŞ hökuməti üçün borclanma xərcləri yüksək qalsın. FED iyun ayında uçot dərəcəsini 4,25-4,50 faiz intervalında saxlamaq qərarına gəlib.
Ötən həftə Amerika lideri FED-in rəhbəri postuna iki və ya üç namizədinin olduğunu bildirsə də, hazırda Pauelli istefaya göndərməyi lazım bilmədiyini qeyd edib. Öz növbəsində tənzimləyicinin sədri dəfələrlə istefa vermək fikrində olmadığını bildirib. Onun səlahiyyət müddəti 2026-cı ilin mayında başa çatacaq.(musavat.com)