"Yeni araşdırma qocalmanın kritik yaşını müəyyənləşdirib..."
Çin Elmlər Akademiyasının alimləri tərəfindən aparılan genişmiqyaslı araşdırma insan bədənində qocalma prosesinin kəskin şəkildə sürətləndiyi dövrü ortaya çıxarıb. Nəticələrə görə, bu dönüş nöqtəsi təxminən 50 yaşa təsadüf edir.
Moderator.az xəbər verir ki, bu barədə "detaly.co" nəşri yazıb.
Tədqiqatda 14-dən 68 yaşa qədər olan 76 nəfərdən - beyin zədəsi nəticəsində vəfat etmiş donorların bədən toxumalarından istifadə olunub. Alimlər onların yeddi müxtəlif sistemindən - ürək-damar, həzm, immun, endokrin, tənəffüs, dəri və əzələ toxumalarından nümunələr toplayaraq bu orqanlardakı protein səviyyələrinin yaşla necə dəyişdiyini təhlil edib.
Ən sürətli qocalma aortada baş verir
Ən böyük dəyişikliklərin 45-55 yaş aralığında müşahidə olunduğu bildirilir. Bu dövrdə bədəndə xəstəliklərlə əlaqəli 48 fərqli proteinin səviyyəsi artmağa başlayır. Bunlara ürək-damar xəstəlikləri, toxuma fibrozları, qaraciyər piylənməsi və şişlər daxildir.
Ən sürətli qocalan toxuma isə aorta olub. Bundan əlavə, mədəaltı vəzi və dalaq da davamlı dəyişikliklər göstərib. Tədqiqatçılar bildirir ki, qan damarları qocalmaya qarşı xüsusilə həssasdır və bu, sağlamlıq baxımından ciddi xəbərdarlıqdır.
Təcrübələrdə siçanlardan alınan və qocalmayla əlaqələndirilən proteinlər gənc siçanlara yeridilib. Nəticədə onların fiziki gücü, əzələ tutumu, dözümlülüyü, tarazlıq və koordinasiya qabiliyyəti xeyli zəifləyib.
Qocalma tək bir mərhələ deyil
Əvvəlki araşdırmalar göstərib ki, insan orqanizmində qocalmanın əsas "zirvələri" 44 və 60 yaşlarda baş verir. Yeni nəticə isə bu prosesi daha mürəkkəb və mərhələli şəkildə izah edir, yəni bədən sistemləri müxtəlif vaxtlarda və fərqli sürətlə yaşlanır. Alimlər bildirir ki, bu araşdırma həyat ömrünün durmadan artdığı dövrdə qocalma prosesini başa düşmək və ona qarşı profilaktik tədbirləri vaxtında görmək baxımından son dərəcə önəmlidir.
İsrail üçün xüsusi aktuallıq
Tədqiqat nəticələri əhalisi sürətlə yaşlanan İsrail üçün xüsusilə əhəmiyyətlidir. Hazırda ölkə əhalisinin təxminən 12 faizi 65 yaşdan yuxarıdır və bu rəqəmin daha da artacağı gözlənilir. Qocalma ilə bağlı xəstəliklərin qarşısını almaq və onların müalicəsini təkmilləşdirmək üçün bu cür dərinləşdirilmiş məlumatlar olduqca faydalıdır.
50 yaşdan yuxarı olanlara tövsiyələr:
- Ürək-damar sisteminin müntəzəm yoxlanışı: Qan təzyiqi, xolesterin səviyyəsi və ürək funksiyalarını tez-tez nəzarətdə saxlayın.
- Fiziki aktivliyin uyğunlaşdırılması: Ürəyin fəaliyyətini gücləndirən məşqlərə üstünlük verin - məsələn, sürətli gəzinti, üzgüçülük və velosiped sürmək.
- İltihab əleyhinə qidalanma: Antioksidantlarla zəngin, orqanizmdə iltihabı azaldan məhsulları daha çox istifadə edin.
- Tibbi nəzarət: Planlı müayinələri artırın və qocalmanın bioloji göstəricilərinə nəzarət etdirin.
50 yaşdan sonra bədən sadəcə yaş almır- o, qocalmağa başlayır. Amma bu prosesi yavaşlatmaq, düzgün həyat tərzi və vaxtında tədbirlərlə mümkündür.