AZ

Qurban Qurbanov “Şelburn”la cavab matçından razı qalmayıb

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şelburn”a qarşı keçirdikləri cavab matçını şərh edib.

Arena.az xəbər verir ki, İrlandiya çempionuna səfərdə 3:0 hesabıyla qalib gəlmiş Ağdam klubu doğma meydanda da 1:0 hesablı qələbəyə sevinib.

Qurban Qurbanov oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Növbəti mərhələyə keçdik, iki qələbə qazandıq. Bu gün tam razı qaldığım məqamlar olmadı. Ancaq futbolçulara bir o qədər də irad bildirə bilmədim. Çünki öz optimal formalarından uzaqdırlar. Sadəcə, onların yanında olub, bəzi çatışmazlıqları aradan qaldırmalıyıq. Rəqib ciddi komandadır, məğlub olmağı xoşlamır. Bu gün də bunu gördük. İrlandiyadakı oyunda uduzsalar da, burada çox motivasiyalı, istəkli idilər. 1:0-dan sonra üzərimizə gəldilər, əl çəkmədilər. Möhtəşəm azarkeşlərimiz var idi. Sabah üç komandamız oynayacaq, hər üçünə uğurlar arzulayıram. Allah qoysa, sərfəli nəticələr qazanarlar”.

Qurban Qurbanov yeni oyunçuların uyğunlaşmasından da söhbət açıb:

“Normaldır. Məşqlərdə pis deyillər. Düzdür, texniki və fiziki tam hazır deyillər. Amma bir neçə oyun lazımdır ki, adaptasiya olsunlar. Ən vacibi odur ki, kollektivə uyğunlaşsınlar. Nə qədər futbolçularla dialoqda olsalar, oyuna girmək asan olur”.

Qurban Qurbanov Kadi Borges bu oyunda yarımmüdafiədə oynadılmasına da münasibət bildirib:

“Kadi universal futbolçudur. Hətta əvvəllər bu mövqedə oynayıb, sonradan hücumameyilli olub. Həm rəqibə uyğun, həm bizə lazım olan anlarda istənilən mövqedə oynayır. Bu cür oyunçuların faydası çoxdur”.

Təcrübəli mütəxəssis digər yarımmüdafiəçi Marko Yankoviçin yoxluğundan da danışıb:

“Yankoviç də bizim vacib oyunçularımızdan biridir. Amma əfsuslar olsun ki, futbolda zədə, cəza olur. Olmayanda, digər futbolçular bu mövqedə oynamağa hazırdırlar. Hər bir futbolçunun sağlam olması həm mənim məşq prosesimi yaxşılaşdırır, həm də oyuna hazırlığımı asanlaşdırır. Allah qoysa, tez bir zamanda dönəcək, öz mövqeyində oynayacaq. Kadi Yankoviçin mövqeyində oynayırdı. Digərləri də orta sahədə faydalı iş gördülər”.

Qurban Qurbanov Kevin Medinanın sarı vərəqədən sonra əvəzlənməsinə də aydınlıq gətirib:

“Həm Medinanı riskə atmaq istəmədik, həm də yeni transfer Semi Mmaeyə şans yaratmaq istəyirdik. Rəqibin oyun üslubu elədir ki, hücumçu hündürboyludur, istər-istəməz sarı vərəqə almaq ehtimalı çox idi. Həm də Mmaeyə şans yaratdıq”.

“Biz daha artığını istəyirik” – Qurban Qurbanov

Qurban Qurbanov ardıcıl 12 ildir komandasının avrokuboklarda uğurlu çıxış etməsinə də münasibət bildirib:

“Bu, stabillikdir. Həm çempionatda, həm avrokuboklarda biz daha artığını istəyirik. Əgər şansımız varsa, bundan istifadə edəcəyik, hazırlaşacağıq. Hər bir halda qruplarda oynamaq neçə ölkənin futbolunu burada canlı görmək deməkdir. Futbolu Azərbaycanda sevdirmək, insanları yaxşı istirahətə cəlb etmək yaxşıdır. Məğlubiyyətlər olsa da, hamı gəlir, cəm şəkildə birlikdə olur, Azərbaycan, “Qarabağ” deyə qışqırır. Hələ nə qədər oyun olacaq. Gələcək futbolun inkişafı üçün böyük təkan və motivasiyadır. Həm də, yaxşı, gənc uşaqların futbola cəlb olunması üçün motivasiyadır. Ailələrin uşaqları futbola göndərməsi üçün yaxşı motivasiaydır. Nəticələrə qaldıqda, payızda bilmirəm nə deyə bilərik. Çalışacağıq ki, keçən mövsümkündən daha yaxşı çıxış edək. Asan deyil. Avropada futbol çox inkişaf edib. Çempionatda oyunlar belə atmosferdə olsa, yaxşı meydançada olsa, inkişafımız birə-beş artacaq”.

“Şelburn”un baş məşqçisi Coy O`Brayen isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:

“Birinci oyunu da bu cür oynamışdıq. Onda da müdafiəçilərimiz çox idi. Böyük stadion idi, ağır atmosferdə oynayırdıq. İlk hissədə 0:0 olmasını istəyirdik ki, ikinci hissədə dəyişikliklər edək. “Qarabağ”ın böyük təcrübəsi var. İllərdir ki, avrokuboklarda oynayırlar. Yaxşı oyunçuları var. Getdikcə oyunlar daha da çətinləşəcək.

Dublində ikinci hissədə qol şanslarımız var idi. Səhvlər edərək, qollar buraxdıq. Bu oyuna da yaxşı hazırlaşmışdıq. Təəssüf ki, birinci hissənin sonunda buraxdığımız qol həlledici oldu. Hesabı bərabərləşdirə bilərdik, amma alınmadı. 1:0-dan sonra imkanlarımız var idi. Amma “Qarabağ” kimi komandalara qarşı çox da taktiki dəyişiklik etməyə ehtiyac yoxdur”.

Seçilən
7
arena.az

1Mənbələr