Prezident İlham Əliyev Xəzər dənizinin ölkəmizə mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunlarının təşkili ilə bağlı bir sıra mühüm qanunvericilik dəyişikliklərini təsdiqləyib. Bu yeniliklər həm Cinayət, İnzibati Xətalar və Mülki məcəllələri, həm də “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Dövlət rüsumu haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunlara əlavə edilib. Hökumətə verilən tapşırığa əsasən, 6 ay müddətində bu sahədə qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan normativ hüquqi aktların hazırlanaraq dövlət başçısına təqdim edilməsi planlaşdırılır.
Nəzərdə tutulan dəyişikliklərlə yaranan imkanlar Azərbaycanın iqtisadi və sosial həyatında yeni bir mərhələnin başlanğıcı ola bilər. 1998-ci ildən etibarən Azərbaycanda kazinoların fəaliyyəti tamamilə dayandırılmışdı. Lakin bu qadağa qumar həvəsinin qarşısını tam ala bilmədi. Ölkədə bu sahəyə maraq göstərən kifayət qədər böyük bir kütlə mövcuddur və bu insanlar uzun illərdir ki, qumar ehtiyaclarını xaricdə – əsasən də Gürcüstan, Kipr və Monteneqro kimi ölkələrdə ödəyirlər. Gürcüstan kazinolarının ümumi gəlirlərinin, təxminən, 20 faizinin Azərbaycan vətəndaşlarının hesabına formalaşması faktı bu sahənin ölkə daxilində böyük potensiala malik olduğunu göstərir.
Yeni hədəflərin iqtisadi əsaslandırılması və onun strateji məqsədləri aydındır. İlk növbədə, Azərbaycan vətəndaşlarının qumar ehtiyaclarını ölkə daxilində, nəzarətli və şəffaf mühitdə ödəməsinə şərait yaradılacağı nəzərdə tutulur. Bu isə həm vətəndaşların təhlükəsizliyini təmin edəcək, həm də ölkədən çıxan valyuta axınının qarşısını alacaq. İkincisi, kazinoların fəaliyyətindən dövlət büdcəsinə daxilolmalar – lisenziyalaşdırma, rüsumlar, vergilər və digər iqtisadi təsirlər vasitəsilə ciddi maliyyə resursları əldə ediləcək.
Eyni zamanda, bu addımın regionda turizmin inkişafına da töhfə verəcəyi proqnozlaşdırılır. Digər tərəfdən, süni torpaq sahələrində yaradılacaq kazino mərkəzləri, həmçinin əyləncə və xidmət infrastrukturunun inkişafı Xəzər dənizi sahilini beynəlxalq səviyyəli turizm istiqamətinə çevirə bilər. Qeyd edək ki, dünyanın bir çox ölkələrində – Sinqapurda Sentosa adasında, Makao, Monako və Las-Veqas kimi mərkəzlərdə kazino və oyun biznesi turizm və xidmət sektorunun əsas lokomotivinə çevrilib.
Qeyd edək ki, Azərbaycan bu prosesə hüquqi mexanizmlərlə tam tənzimlənmiş bir şəkildə daxil olmağı planlaşdırır. Məhz bu səbəbdən qanunvericilik bazasında geniş dəyişikliklər aparılır. Burada əsas məqsədlərdən biri də çirkli pulların yuyulması, dələduzluq, qeyri-qanuni əməliyyatlar və sosial fəsadların qarşısını almaqdır. Hazırlanacaq normativ aktlar vasitəsilə qumar sektorunda şəffaflıq, lisenziyalaşdırma mexanizmləri və vergi tənzimləmələri tam şəkildə müəyyənləşdiriləcək.
Onlayn qumar oyunlarının yaratdığı təhlükələr də bu kontekstdə xüsusi diqqətə layiqdir. Azərbaycanda kazinoların olmaması səbəbindən çox sayda insan nəzarətsiz və qeyri-qanuni onlayn platformalara üz tutur. Bu, onların maddi zərərə uğraması ilə yanaşı, şəxsi məlumatların sızması, dələduzluq və digər fəsadlarla da nəticələnir. Hüquqi əsaslarla və dövlət nəzarəti altında fəaliyyət göstərəcək kazinolar bu boşluğu doldurmaqla riskləri minimuma endirə bilər.
Əlbəttə, belə bir qərarın həyata keçirilməsi təkcə iqtisadi və hüquqi mexanizmlərlə məhdudlaşmır. Burada sosial məsuliyyət də mühüm rol oynayır. Qumar oyunlarının ictimai sağlamlığa təsiri, asılılıq riski və ailə münasibətlərinə mənfi təsirləri nəzərə alınaraq, profilaktik və maarifləndirici tədbirlər də paralel şəkildə həyata keçirilməlidir. Dünyanın inkişaf etmiş ölkələrində bu sahədə qəbul olunmuş “məsuliyyətli oyun” prinsipləri – yaş məhdudiyyətləri, sərhədlərin qoyulması və psixoloji dəstək mexanizmləri Azərbaycanda da tətbiq olunmalıdır.
Xəzər dənizinin ekoloji cəhətdən həssas bölgə olduğunu da unutmaq olmaz. Süni torpaq sahələrinin yaradılması və üzərində iri infrastruktur layihələrinin həyata keçirilməsi prosesində ətraf mühitin qorunması məsələsi diqqət mərkəzində saxlanılmalıdır. Bu baxımdan, layihənin həyata keçirilməsi zamanı ekoloji monitorinq və davamlılıq prinsiplərinə ciddi əməl olunması da zəruridir.
Prezident İlham Əliyevin imzaladığı yeni qanunvericilik dəyişiklikləri isə Azərbaycan üçün həm iqtisadi, həm də sosial cəhətdən yeni imkanlar açır. Bu qərar və onun düzgün icrası sayəsində ölkəmiz həm daxili turizmi stimullaşdıra, həm də regional əhəmiyyətli oyun və əyləncə mərkəzinə çevrilə bilər. Ən əsası isə bu təşəbbüs Azərbaycanın müasir, açıq və tənzimlənən iqtisadi modelə əsaslanan inkişaf yolunda atdığı növbəti irimiqyaslı addımdır.
Qeyd olunan məqamları nəzərə alsaq, görərik ki, kazino sənayesinin yaradılması bir çox aspektlərdən böyük önəm daşıyır. Belə ki, kazinoların fəaliyyətə başlaması ölkəmizdən xaricə çıxarılan vəsaitlərin azalmasına səbəb olacaq, üstəlik iqtisadi inkişafa da təkan verəcək. Nəticədə həm respublikamızdan xarici ölkələrin kazinolarına axan milyonlar ölkəmizdə qalacaq, həm turizm sektoru inkişaf edəcək, həm də minlərlə yeni iş yerləri yaradılacaq.
Kazino turizminin üstün cəhəti isə ondan ibarətdir ki, bu sahə müxtəlif ölkələrdən çoxlu sayda insanı cəlb edə və onları bir məkanda birləşdirə bilir. Kazinolar ətrafında sürətlə yeni infrastruktur formalaşır. Kazinoların olduğu sahələrdə təkcə otellər və restoranlar deyil, digər turistik yerlər də inkişaf edir. Yerli restoranlar kazinodan gələn bir çox xarici qonaqları qarşılayır. Üstəlik, əcnəbilər yerli mətbəxi dadmaq imkanı qazanır. Bu, ölkədə turizmin inkişafına daha böyük töhfə verir. Beləliklə, kazino turizmin digər sahələrinin də inkişafını sürətləndirir.
Azərbaycanda kazinoların açılması dövlət büdcəsinə əlavə vergi gəlirləri gətirə bilər. Qumar biznesi lisenziyalaşdırılıb dövlətin tam nəzarəti altına alındıqdan sonra, həm lisenziya haqları, həm də dövriyyədən alınan vergilər vasitəsilə ciddi maliyyə vəsaiti toplamaq mümkündür. Bu vəsaitin bir hissəsi sosial layihələrin maliyyələşdirilməsinə, infrastrukturun yaxşılaşdırılmasına və digər prioritet sahələrin inkişafına yönəldilə bilər.
B.VAQİF
XQ