“Daşınmaz əmlak amnistiyası” mənzil fondunun idarə edilməsini asanlaşdıracaq
Azərbaycanda uzun illərdir ki, geniş müzakirə olunan, lakin həllində bir sıra çətinliklərin yaşandığı sənədsiz evlərin leqallaşdırılması prosesi yeni və əhəmiyyətli bir mərhələyə qədəm qoyur. Prezident İlham Əliyevin bu istiqamətdə imzaladığı mühüm sənəd – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənədək yaranan və əldə olunan daşınmaz əmlak obyektləri üzərində hüquqları təsdiqləyən sənədlərin siyahısında dəyişiklik edilməsi barədə qərarı, ölkədə hüquqi qeyri-müəyyənliyin aradan qaldırılması istiqamətində atılan mühüm addımlardan biridir. Bu sənəd minlərlə ailənin illərlə gözlədiyi hüquqi tanınma probleminin həlli üçün real zəmin formalaşdırır.
Bu yeniliyi də konkret ifadə edərək bildirək ki, dövlətimizin başçısının daşınmaz əmlakın qeydiyyatına dair 16 iyul 2025-ci il tarixli fərmanı ilə həmin əmlakın qeydiyyatına aid hüquqi təminat və qanunvericilik bazası daha da təkmilləşdirilib. Əmlak Məsələləri Dövlət Xidmətindən ölkə rəhbərinin imzaladığı fərmana əsasən, 100 minə yaxın sənədsiz evin qeydiyyata alınmasının nəzərdə tutulduğu bildirilib. Ən önəmli dəyişikliyin isə yeni tənzimləmələrə uyğun olaraq, yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunan texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda) hüquqmüəyyənedici sənədlərin siyahısına əlavə edilib.
Qeyd edək ki, Azərbaycanda, xüsusilə, 1990-cı illərdən etibarən, şəhərsalma proseslərinin genişlənməsi, əhalinin sürətlə artması və miqrasiya səbəbindən çoxsaylı yaşayış sahələri planlaşdırılma və hüquqi sənədləşmə aparılmadan tikilib. Bu vəziyyət Bakı və Abşeron yarımadası ilə bərabər, ölkənin digər iri şəhərləri və rayon mərkəzlərində də müşahidə olunub. Rəsmi məlumata görə, hazırda ölkədə 500 mindən çox sənədsiz ev mövcuddur. Bu evlərin böyük bir hissəsi uzun müddət orada yaşayan vətəndaşlara məxsusdur və sosial baxımdan həssas təbəqələr bu kateqoriyaya daxildir.
Xatırladaq ki, ölkə Prezidentinin 13 yanvar 2015-ci il tarixli müvafiq fərmanı ilə təsdiq edilən siyahı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək mövcud olan tikililər üçün hüquqi əsas yaratsa da, bəzi hallar istisna olunurdu. Lakin 2015-ci il oktyabrın 30-da həmin qanuna edilən əlavə dəyişikliklərlə bu proses daha da təkmilləşdirildi.
Nəhayət, son dəyişikliklərlə sözügedən siyahıya yenidən baxılması və onun daha da genişləndirilməsi artıq yüz minlərlə vətəndaşın yaşadığı evlərin hüquqi status qazanmasına imkan verir. Bu qərar, eyni zamanda, təkcə sosial ədalətin bərpası baxımından deyil, həm də ölkənin daşınmaz əmlak bazarının tənzimlənməsi və genişlənməsi cəhətdən ciddi əhəmiyyət daşıyır. Belə ki, qanunla sənədləşdirilən evlərin rəsmi reyestrə daxil edilməsi, həmin evlərə girov kimi istifadə olunaraq bank kreditlərinə çıxış imkanı yaradılması və bununla da daşınmaz əmlak dövriyyəsinin artırılması qarşıda önəmli vəzifə durur.
Mütəxəssislərin qiymətləndirməsinə görə, yeni hüquqi mexanizmlərin tətbiqi nəticəsində ilkin mərhələdə 100 minə yaxın sənədsiz evə çıxarış verilməsi mümkün olacaq. Bu isə ölkədə on minlərlə ailənin sosial rifahına bilavasitə təsir edəcək, onların hüquqlarını qorumaqla yanaşı, dövlət və bələdiyyə orqanları ilə münasibətlərini də rəsmiləşdirəcək.
Burada mühüm nüanslardan biri də prosesin şəffaf və vətəndaş yönümlü həyata keçirilməsi məsələsidir. Ona görə də hazırda müvafiq qanunun tələbinə əsaslanılaraq Əmlak Məsələləri Dövlət Xidməti, yerli icra hakimiyyətləri, bələdiyyələr və digər aidiyyəti qurumlar tərəfindən bu sahədə səmərəli əməkdaşlıq mexanizmlərinin qurulması, bununla da mürəkkəb bürokratik əngəllərin qarşısını alınması diqqətdə saxlanılır.
Daşınmaz əmlakın leqallaşdırılması prosesi ölkənin qeyri-neft sektorunun inkişafına da dolayısı ilə töhfə verəcək. Rəsmi çıxarış alan evlərin bazarda dövriyyəyə çıxarılması, onların satılması, icarəyə verilməsi və bank kreditləri üçün təminat vasitəsi kimi istifadə olunması mümkün olacaq. Bu da, öz növbəsində, daşınmaz əmlak bazarının aktivliyini artıracaq, qiymətlərin daha real və tənzimlənmiş səviyyədə formalaşmasına səbəb olacaq.
Eyni zamanda, leqallaşdırılmış evlərə görə, dövlət büdcəsinə vergi daxilolmaları da artacaq. Beləliklə, bir tərəfdən vətəndaş hüquqları qorunacaq, digər tərəfdən isə iqtisadi dövriyyə və dövlət gəlirləri stimullaşdırılacaq. Bu, həm də cəmiyyətdə sosial sabitliyə və ictimai məmnunluğa müsbət təsir göstərən strateji addım kimi dəyərləndiriləcək.
Ekspertlərin sözlərinə görə, sənədsiz evlərin leqallaşdırılması prosesi, eyni zamanda, şəhərsalma və infrastruktur inkişafı ilə uyğun şəkildə aparılmalıdır. Vahid elektron informasiya bazasının yaradılması, ərazilərin təyinatı, yol, su, elektrik, kanalizasiya və digər infrastrukturun mövcudluğu kimi amillər nəzərə alınaraq, planlı yanaşma formalaşdırılmalıdır. Bu sahədə rəqəmsal texnologiyaların tətbiqi, coğrafi informasiya sistemlərinin istifadəsi və pilot layihələrin həyata keçirilməsi də diqqətdə saxlanılmalıdır.
Sənədsiz evlərin leqallaşdırılması həm də hüquqi dövlətin təməl prinsiplərinin qorunması, vətəndaşların mülkiyyət hüququnun təmin olunması baxımından önəmli addımdır. Bu proses sosial ədalətin təmin olunması, illərlə əziyyət çəkmiş minlərlə insanın mülkiyyətinin dövlət tərəfindən tanınması baxımından önəm daşıyır. Vətəndaş cəmiyyəti nümayəndələri və ekspertlər tərəfindən bu istiqamətdə atılan addımlar yüksək qiymətləndirilir və sözügedən siyasətin ardıcıl həyata keçirilməsinin zəruriliyi xüsusi vurğulanır.
Beləliklə, dövlətimizin başçısının imzaladığı son fərmanla ölkəmizdə uzun müddət müzakirə olunan və ciddi sosial-iqtisadi əhəmiyyət daşıyan sənədsiz evlərin leqallaşdırılması prosesi artıq hüquqi reallığa çevrilir. Bu qərar yüz minlərlə ailənin hüquqlarını qorumaqla yanaşı, daşınmaz əmlak bazarını canlandırır, vergi bazasını genişləndirir və şəhərsalmanın sistemli şəkildə inkişafına təkan verir. Ən önəmlisi isə budur ki, dövlət vətəndaşının yanında olduğunu bir daha təsdiqləyir və sosial ədaləti gerçəkləşdirmək istiqamətində ardıcıl siyasətini davam etdirir.
Beləliklə, Azərbaycanda uzun illərdir ki, ciddi narahatlıq doğuran sənədsiz evlərin leqallaşdırılması prosesi 2025-ci ildə yeni və əhəmiyyətli mərhələyə daxil olub. Rəsmi məlumatlara görə, Azərbaycan üzrə 500 mindən çox sənədsiz ev qeydə alınıb. Onların əksəriyyəti 1990-cı illərdən sonra şəhərətrafı ərazilərdə və bəzi kənd yaşayış məntəqələrində fərdi şəkildə tikilib. Bu evlərin inşası zamanı əksər hallarda müvafiq icazə sənədləri – tikinti pasportları, torpaq təyinatı və sərhədlərin təsdiqi, memarlıq planlaşdırma sənədləri alınmayıb. Məsələn, Bakı şəhərinin Sabunçu, Suraxanı və Binəqədi rayonlarında, eləcə də Sumqayıt, Xırdalan, Gəncə və Mingəçevir kimi şəhərlərdə bu cür minlərlə ev qeydə alınıb.
Təkcə Abşeron rayonunun Saray, Xırdalan və Masazır qəsəbələrində on minlərlə sənədsiz evin olduğu bildirilir. 2019-cu ildə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin apardığı ilkin monitorinqə əsasən, paytaxtın kənar yaşayış massivlərində yerləşən evlərin 60 faizinin mülkiyyət sənədinin olmaması da vurğulanır.
Samir HEYDƏROV,
iqtisadçı-ekspert
Sənədsiz evlərin hüquqi tanınması gələcəkdə şəhərsalma sahəsində daha planlı inkişafı da zəruri edir. Hökumət artıq 2025-ci ilin sonuna qədər daşınmaz əmlak reyestr sisteminin rəqəmsallaşdırılmasını hədəfləyir. Rəqəmsal xəritələşdirmə, coğrafi informasiya sistemləri və “ağıllı” reyestr platformasının bu prosesi idarə etmək üçün əsas vasitələr olacağı nəzərdə tutulur.
Vətəndaş cəmiyyətinin nümayəndələri bu prosesi sosial ədalətin bərpası kimi dəyərləndirir. Onların fikrincə, dövlətin bu addımı hüquqi dövlətdə insan hüquqlarının təminatı baxımından mühüm mərhələdir. Başqa sözlə, sənədsiz evlərə çıxarış verilməsi insanın mülkiyyət hüququnun tanınmasıdır. Bu, həm də ölkəmizdə sosial sabitliyə və ictimai rifaha xidmət edən fundamental yanaşmadır.
Beləliklə, dövlətimizin başçısının barəsində danışılan son fərmanı əmlak münasibətlərində keyfiyyət dəyişikliyinə yol açacaq, uzunmüddətli proseslərin hüquqi əsasını möhkəmləndirəcək. Sənədsiz evlərin sahiblərinə mülkiyyət hüquqlarını rəsmiləşdirmək imkanı yaradılması isə ölkə iqtisadiyyatına müsbət təsir edəcək. Belə ki, sənədləşdirilən evlər artıq ipoteka, bank krediti, sığorta və digər kommersiya məqsədləri üçün istifadə oluna biləcək. Nəticədə qiymətləndirmə bazarı, sığorta sektoru və vergi daxilolmaları genişlənəcək.
Yeri gəlmişkən, burada bir məqamı da qeyd etmək istərdim. Belə ki, kənd təsərrüfatı təyinatlı sahələrdə qeyri-rəsmi ev tikən yüz minlərlə insan həmin torpaqların statusunun dəyişdirilərək orada yaşayış sahəsi kimi tanınmasını gözləyir. Bu, kommunal xidmətlərin rəsmiləşdirilməsi və dövlət nəzarətinin artırılması baxımından da mühüm önəm daşıyır.
Fikrimcə, sənədləşdirmə evlərin bazar dəyərinə də ciddi təsir göstərəcək. Belə ki, sənədsiz evlər rəsmiləşdirildikdən sonra onların dəyəri artacaq və əmlak bazarında ciddi canlanma yaranacaq. Bu da bazarın genişlənməsi və yeni oyunçuların meydana çıxması üçün mühüm imkan yaradacaq.
Fərman elektron xidmətlərin inkişafı baxımından da əhəmiyyətlidir. Belə ki, 15 gün ərzində müraciətlərə cavab verilməsi tələbi bürokratik əngəlləri azaldacaq, xidmət keyfiyyətini artıracaq və rəqəmsal idarəetməni gücləndirəcək. Bu isə vahid və şəffaf əmlak reyestrinin formalaşmasına gətirib çıxaracaq.
Bu prosesdə vətəndaşlarla yanaşı, dövlətin də müəyyən qazancı olacaq. Belə ki, hər il minlərlə evin özəlləşməsi ilə dövlət büdcəsinə milyonlarla vəsait daxil olacaq. Sənədsiz evlər rəsmiləşdirildikdən sonra əmlak və ya torpaq vergisi dövlət büdcəsinə daxil ediləcək. Bu qərarın başqa bir müsbət tərəfi isə ondan ibarətdir ki, evlər sənədləşdikdən sonra əmlak sahibləri asanlıqla öz mülkləri üzərində qeydiyyata düşə, kommunikasiya xətlərinə qoşula biləcək.
V.BİNYATOĞLU
XQ