AZ

Marvo üçün güllə: Sehrin bitdiyi an

Bir foto-bir hekayə

Səhnəyə çıxanda frakı ütülü, baxışları parıltılı idi. Gülümsəyir, əllərini tamaşaçılara doğru açırdı. Adı Marvo idi. Argentinanın tanınmış fokusçusu. Keçmişdə küçə artisti, sirkin akrobatı ilə dərzi bir ananın oğlu. Onun nömrəsi sadə və parlaq idi:
Gülləni ağzı ilə tutmaq.

Hər dəfə tamaşasında bir tamaşaçını səhnəyə dəvət edir, həmin şəxs silahla ona atəş açır, Marvo isə təntənə ilə ağzından gülləni çıxarırdı. Alqışlar qopurdu, xüsusən də uşaqlar arasında. İllüziya – həmişəki kimi möhtəşəm alınırdı.

Amma o axşam zalda bir “hazırlıqsız” tamaşaçı vardı – Marko Asprella. Qızıl axtaran, sərxoş və səmimi heyran. Nömrə bitəndən sonra yerindən qalxdı, güldü və dedi:
– Bunu da tut!

Əlindəki tapançadan bir güllə atdı. Bu dəfə əsl güllə idi.  Marvo gülləni tutmadı. Bir göz qırpımında öldü. Tamaşaçılar bir anlıq dondular: bu da nömrənin bir hissəsidir? Tamaşa davam edəcək? Amma bu dəfə pərdə enmədi. Marvo yerdəydi. Qan içində. Musiqi dayandı. Sehr bitdi.

Məhkəmədə Asprella heç nə başa düşmürdü. Üzündə təəccüb vardı: – Axı o fokusçu idi... niyə mənim gülləmi tutmadı?

O, səmimi şəkildə inanırdı ki, Marvo həqiqətən güllələri tuta bilir. Məhkəmə ona bəraət verdi. Bəziləri dedi ki, bu zalda yalnız bir insan yox, möcüzəyə inam öldürüldü.

                                                                  ***
İndi bu şəkil qalmışdır – səhnədə silaha tuş gələn fokusçunun o donmuş, əbədi anı. Bu kadr bizi bir sualla baş-başa qoyur: Həqiqətlə illüziyanı ayırmaq hər zaman bu qədər çətinmi olur?

Cavab isə fotonun içində gizlidir. Bir saniyəlik “sehr” və ömürlük “dərs”.

S.ELAY

XQ

Seçilən
14
xalqqazeti.az

1Mənbələr