AZ

Rusiya 2 dünya müharibəsində belə ağır vəziyyətə düşməmişdi - Lavrovun etirafı...


Əli Orucov: "Moskva açıq-aşkar dünya ictimaiyyətinə meydan oxumağa və hüquqi normalara məhəl qoymamağa cəhd göstərir ki, bu da nəticə etibarı ilə onun etimadını, güvənini və nüfuzunu ciddi şəkildə sarsıdır"

Rus jurnalust Konstantin Eggert teleqram kanalında yazır ki, uzun müddət ərzində ilk dəfədir Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri həqiqəti ucadan danışdı və bu, bütün Kremlin siyasəti haqqında hökm kimi səslənir.

“Vladimir Putinin yerində olsaydım, Sergey Lavrovu işdən çıxarardım. Rusiyanın xarici işlər naziri iyulun 28-də Moskva vilayətinin Solneçnoqorsk şəhərində keçirilən gənclər forumunda çıxış edib. Orada o, xüsusi seçilmiş “vətənpərvər gənclər” qrupu ilə belə bir fikri bölüşdü: "Tarixdə ilk dəfədir ki, Rusiya bütün Qərbə qarşı təkbaşına döyüşür. Bizim həm Birinci Dünya Müharibəsində, həm də İkinci Dünya Müharibəsində müttəfiqlərimiz olub. İndi döyüş meydanında müttəfiqimiz yoxdur. Ona görə də özümüzə arxalanmalıyıq. Heç bir zəifliyə yol verməməliyik”- rus jurnalist yazır.

Lavrovun bu etirafı Rusiyanın çıxılmaz durumunun rəsmi şəxslər tərəpfindən edilən bəlkə də real etirafıdır. Rusiya bu çıxılmaz durumdan yaxa qurtara biləcəkmi?

Baki-xeber.com-a məsələni şərh edən politoloq Əli Orucov bildirdi ki, Rusiyanın beynəlxalq aləm tərəfindən təklənməsi və döyüş meydanında yalqız qalması aparılan tanış siyasi kursun və imkanları tərs-mütənisib olan ölkənin aqressiyasının nəticəsidir: "Səbəb, həmçinin imzasına və sözünə sahib çıxa bilməməsi, dostlarına vassal kimi yanaşmasıdır. Moskva açıq-aşkar dünya ictimaiyyətinə meydan oxumağa və hüquqi normalara məhəl qoymamağa cəhd göstərir ki, bu da nəticə etibarı ilə onun etimadını, güvənini və nüfuzunu ciddi şəkildə sarsıdır. Rusiya totalitar ölkə olduğundan qərarları da prezident təkbaşına verir. Bu qərarlar da verilərkən bir çox hallarda dərin təhlillərdən və araşdırmalardan keçirilmir, emosinal qərarlar olur. Ukraynaya təcavüz həyata keçirilərkən də Kreml sahibi reallıqları, dünya ictimaiyyətinin mövqeyini nəzərə almadı və nəticədə özünü dünyaya qarşı qoydu".

Ekspert əlavə etdi ki, Bu acınacaqlı durum təkcə Xarici işlər naziri Lavrovla əlaqəli deyil, o icraçıdır: "Ola bilər, xarici siyasət sahəsinə məsuliyyət daşıyan Lavrov Putini doğru-düzgün məlumatlandırmır və etirafdan çəkinir. Ancaq Rusiyanın ağır durumda olmasına Putin və bütünlükdə onun komandası cavabdehlik daşıyır. Təəssüflər olsun ki, Kreml hələ də keçmişin nostalgiyasından və illuziyalardan çıxa bilmir. Bu düşüncə isə az-çox qalan dostların da itirilməsinə səbəb olur. Rusiyaya müttəfiq, yaxud dost yox, vassal, müstəmləkə və başqa ərazilər lazımdır. Odur ki, hətta ən yaxın müttəfiqləri olan Belarus, Ermənistan kimi satellitləri də ehtiyatlı davranış sərgiləyir, təhlükəsizlik çətiri axtarır. Lavrov Rusiyanın ağır və çətin durumda qaldığını etiraf etsə də, bu ölkə yanlış siyasi kursdan nəinki bir addım da çəkilmir, hətta daha da təvacüzkarlaşıb.

Nə qədər ki, Kreml dünyanın bölüşdürülməsinə iddia edəcək, qonşularına müstəmləkə gözü ilə baxacaq, keçmiş sərhədlərinin və təsir dairəsinin bərpasına çalışacaq, özünü beynəlxalq hüquq sistemində imtiyazlı və immunitetli hiss etdirəcək, müsbətə doğru heç nə dəyişməyəcək. Əksinə, daha çox itirməkdə davam edəcək".

Dəniz NƏSİRLİ

Seçilən
18
baki-xeber.com

1Mənbələr