AZ

31 iyul 1997-ci il: Azərbaycan Olimpiya hərəkatında dönüş günü

Bu gün, 2025-ci il iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin olimpiya hərəkatına rəhbərliyinin 28-ci ili tamam olur.

Azərbaycan olimpiya hərəkatında yeni dövrə 1997-ci il iyulun 31-də start verilib. Məhz həmin gün respublika Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclasında İlham Əliyev yekdilliklə MOK prezidenti seçilib. Bununla da ölkəmizdə olimpiya hərəkatı növbəti mərhələyə qədəm qoyub.

Tezliklə respublikamızın beynəlxalq idman dairələrində nüfuzu daha da artmağa başladı. Artıq 2000-ci illərin əvvəlində Azərbaycan Milli Olimpiya Komitəsi ümumdünya olimpiyaçılar ailəsinin ən hörmətli üzvlərindən birinə çevrilib, başqalarına nümumə kimi göstərildi.

Bu, təsadüfi deyildi. Yeni seçilmiş MOK prezidentinin ölkə olimpiya hərəkatının rəhbəri kimi fəaliyyətə başladığı elə ilk günlərdən bütün idman təşkilatlarımızla birlikdə, vahid komanda şəklində həyata keçirilən təsirli tədbirlər sayəsində paytaxt Bakı ilə yanaşı, ayrı-ayrı şəhər və rayonlarımızda da idman işləri geniş vüsət aldı, çoxsaylı və yaraşıqlı olimpiya-idman mərkəzləri gənclərin istifadəsinə verildi.

İndi Azərbaycanın qonağı olan minlərlə xarici ölkə idmançısı Bakı Olimpiya Stadionu, Heydər Əliyev İdman Sarayı, Tofiq Bəhramov adına Respublika Stadionu, Milli Gimnastika Arenası, Kristal Zal, Su İdmanı Sarayı və digər əzəmətli yarış meydanlarında onlar üçün yaradılan ideal şəraitdə medallar uğrunda kəskin rəqabətdən zövq alır, təşkilatçıların ünvanına xoş sözlər söyləyir, mübarizə meydanında çıxışlarını başa vurduqdan sonra isə ölkələrinə Azərbaycan haqqında zəngin təəssüratla qayıdırlar.

Bu da onun təsdiqidir ki, həqiqətən, artıq 2000-ci illərdən respublikamız əsl idman ölkəsinə çevrilmiş və beynəlxalq olimpiya hərəkatında onun nüfuzu durmadan artır. Xatırlayaq: Beynəlxalq Olimpiya Komitəsinin o illərdəki prezidenti Jak Roqq çıxışlarından birində İlham Əliyevə müraciətlə demişdi ki, Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyəti keçmiş sovet məkanında yaradılmış bütün milli olimpiya komitələri üçün bir nümunədir. Avropada məndən bu məkanda olimpiya hərəkatının inkişafı barədə soruşanda böyük məmnuniyyətlə Sizin ölkənizi misal göstərirəm.

Azərbaycan Milli Olimpiya Komitəsi İlham Əliyevin rəhbərliyi ilə öz tarixinə yeni-yeni parlaq səhifələr yazdığı dövrün artıq 7-ci ilində, 2004-cü ildə MOK prezidentinin ali mükafata—Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya ordeninə layiq görülməsi də olimpiya hərəkatımıza ən yüksək səviyyədə verilən dəyərin nəticəsi idi. Bütün Azərbaycan idmanı üçün bu qürurverici hadisənin olimpiya ilində, üstəlik də, müasir Olimpiya oyunlarının vətəni Yunanıstanın (biz də əbədi olaraq Azərbaycanın Avropa Oyunlarının vətəni olması ilə fəxr edəcəyik—O.B.) paytaxtı Afinada baş verməsi isə ona xüsusi məna verirdi.

Həmin gündən artıq 21 il ötür. Onda, 2004-cü ilin mart ayında BOK-un rəhbər şəxsləri Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin ümumdünya olimpiya hərəkatında böyük xidmətlərinə görə ali mükafatla təltif olunması barədə yekdilliklə qərar qəbul edəndə Afina növbəti Olimpiya oyunları iştirakçılarını qəbul etməyə hazırlaşırdı. Azərbaycan dövləti və idmanının liderinin belə əlamətdar günlərdə ali mükafata layiq görülməsi dərin rəmzi məna daşıyırdı.

Yunanıstan paytaxtında Olimpiadadan ötən müddət ərzində də Azərbaycan idmanı inkişaf yolunda bir an belə dayanmayaraq, sürəti daha da artırıb. İstər böyüklər, istərsə də gənclər və yeniyetmələr arasında keçirilən dünya və Avropa çempionatlarında, digər mötəbər beynəlxalq yarışlarda qazanılmış saysız-hesabsız medallar idmanımızın qüdrətinin təntənəsidir. Olimpiya oyunlarında uğurlarımız da öz yerində.

Burada bir məqamı xatırlatmaq istərdik ki, Azərbaycan idmanının ən görkəmli yetirmələrindən stend atıcısı Zemfira Meftahətdinova ilə sərbəst güləş ustası Namiq Abdullayevin 2000-ci ilin sentyabrında uzaq Avstraliyanın Sidney şəhərində keçirilmiş XXVlI Olimpiya Oyunlarında müstəqil Azərbaycan Respublikasına qazandırdıqları qızıl medalların, boksçu Vüqar Ələkbərovun isə bürünc mükafatının tezliklə 25 yaşı tamam olacaq.

Həmin medallara ən çox sevinən isə bu gün düz 28 ildir ki, ölkəmizdə olimpiya hərəkatına rəhbərlik edib, idmanımızı zəfərdən-zəfərə aparan olimpiyaçılar komandamızın dünya şöhrətli lideri, Olimpiya ordenli İlham Əliyev olub.

Bir də ki, Zemfira, Namiq və Vüqarın Sidney medalları Azərbaycan olimpiyaçılar komandasını 199 ölkə arasında 34-cü yerə çıxarmışdı. Medalçı dövlətlərin siyahısında 165 ölkə Azərbaycandan geri qalmışdı…

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

Seçilən
24
xalqqazeti.az

1Mənbələr