Cəmiyyətin Davamlı İnkişafına Yardım İctimai Birliyi 29 iyul 2025-ci il tarixdə Quba rayonunun Zərdabi qəsəbəsində “Kənd yerlərinin dayanıqlı inkişafında kənd turizminin rolu” mövzusunda təlim keçirmişdir.
QHT.az xəbər verir ki, təlim Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə icra edilən “Kənd yerlərinin dayanıqlı inkişafında kənd turizminin rolu rolu mövzusunda maarifəndirmə işinin təşkili” “layihəsi çərçivəsində təşkil edilmişdir. Təlimin məqsədi yerli sakinləri kənd turizmi və dayanıqlı inkişaf anlayışları, kənd turizminin iqtisadiyyatda rolu, həmçinin neqativ təsirləri və ətraf mühitin qorunması zərurəti, turizm xidmətləri ilə bağlı dünya təcrübəsi və s. məsələlər haqqında məlumatlandırmaq idi.
Təlimdə Quba Regional Turizm İdarəsinin nümayəndəsi Azər Səfərov, Zərdabi İnzibati Ərazi Dairəsi və bələdiyyə nümayəndələri, yerli sakinlər, fermer və sahibkarlar iştirak etmişlər.
Layihənin rəhbəri Fərrux Əsgərov iştirakçıları salamlayaraq tədbiri açıq elan etdi, daha sonra layihənin məqsədi, kənd turizmi və onun yerli iqtisadiyyatda rolu haqqında ümumi məlumat verdi.
Layihənin təlimçisi Sədaqət Qəmbərova mövzuya dair təqdimatla çıxış etdi və daha sonra müzakirələr aparıldı. Müzakirələr zamanı qeyd olundu ki, Quba rayonunun digər kəndləri ilə müqayisədə Zərdabi qəsəbəsində turizm fəaliyyətləri zəifdir. Bunun əsas səbəbi isə Zərdabinin müasir tipli qəsəbə olmasıdır. Bununla belə, çoxsaylı olmasa da, əsasən yerli turistlər bu qəsəbədə istirahət edirlər. Qeyd edək ki, turistlərə göstərilən xidmət çeşidləri məhduddur. Onlara kirayə evlər təklif edilir, bəzən isə regionun görməli yerlərinə gəzintilər təşkil edilir. Bələdçilik xidmətini əsasən taksi xidməti göstərən sürücülər yerinə yetirirlər.
Qəsəbədə daha çox aqroturizmin inkişafı üçün böyük imkanlar var. Belə ki, burada iqtisadiyyatın əsasını kənd təsərrüfatı, əsasən meyvəçilik təşkil edir, xüsusilə gilas, şaftalı, alma istehsalı geniş yayılıb. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu və soyuducu anbarların bu qəsəbədə yerləşməsi kənd təsərrüfatının inkişafı üçün xüsusilə əhəmiyyət kəsb edir.
Iştirakçılar bildirdilər ki, qəsəbənin infrastrukturu, o cümlədən yollar, enerji və qaz təchizatı yaxşı səviyyədədir. Lakin yay aylarında su təchizatı ilə bağlı müəyyən problemlər olur.
Iştirakçılar qəsəbədə təhsil səviyyəsinin yüksək olduğunu da diqqətə çatdırdılar və bildirdilər ki, qəsəbədə fəaliyyət göstərən dövlət və özəl müəssisələrdə əsasən yerli kadrlar çalışırlar.
Qeyd edək ki, yerli sakinlər, xüsusilə bələdiyyə nümayəndələri Vüqar Şirinov, Fatmaxanım Feyzullayeva, fermerlər Hörmət Qafarov, Əmirbala Feyzullayev, Sənubər Mahmudova müzakirələrdə çox aktiv iştirak edirdilər.
Hesab edirik ki, aqroturizmin inkişafı üçün qəsəbədə potensial var, lakin bu turizm fəaliyyətlərinin geniş yayılması üçün yerli sakinlərin texniki dəstəyə, o cümlədən marketinq biliklərinin artırılmasına ehtiyac var.