AZ

Kazino: Azərbaycanda turizm canlanacaq, zənginlər Bakıya can atacaq -ARAŞDIRMA

Müasir dövrdə turizm təkcə tarixi və coğrafi gözəlliklərə deyil, həm də turistlərə təqdim olunan əyləncə və seçim azadlığına əsaslanır. Qlobal tendensiyalar göstərir ki, turistlər daha çox liberal imkanlar təqdim edən ölkələrə üstünlük verirlər. Bu kontekstdə dünyada kazino infrastrukturu aparıcı turizm komponentlərindən birinə çevrilib.

Dünyada kazino biznesi

Dövrümüzdə ABŞ kazino biznesi üzrə lider ölkədir. Təkcə 2023-cü ildə Las Veqasda fəaliyyət göstərən kommersiya kazinolarının gəliri 60 milyard ABŞ dollarını ötüb. Çinin Makao bölgəsi isə 2023-cü ildə 22,7 milyard dollar ümumi oyun gəliri ilə dünya kazino sənayesində ikinci böyük mərkəz kimi tanınır.

Gürcüstan Cənubi Qafqazda ən liberallaşmış kazino sektoruna sahibdir. 2024-cü ildə bu ölkədə kazino dövriyyəsi 28 milyard dollar, bu sahədə çalışan işçilərin sayı isə 20 min nəfər olub. Orta aylıq əməkhaqqı 1182 dollar təşkil edib. Gürcüstan artıq regional “kazino klasteri” kimi qiymətləndirilir.

Rusiya da bu sahədə güclü oyunçudur: 2023-cü ildə ölkənin əsas dörd kazino zonasının (Soçi, Vladivostok, Altay, Kalininqrad) ümumi gəliri 2,1 milyard avro, dövlət büdcəsinə vergi ödənişləri isə 2 milyard rubl olub.

Bu reallıqlar göstərir ki, kazino sektoru artıq qlobal turizmin tamamlayıcı elementi olmaqdan çıxaraq, bir çox ölkələrin iqtisadi strategiyalarında əsas gəlir mənbələrindən birinə çevrilib. Əyləncə və oyun sənayesi təkcə vergi və lisenziya gəlirləri baxımından deyil, həm də hotelçilik, iaşə, nəqliyyat və xidmət sahələrinin canlanmasına verdiyi töhfə ilə makroiqtisadi təsir gücünə malikdir. Bu səbəbdən də bir çox dövlətlər bu sektoru hüquqi çərçivəyə salaraq tənzimlənən şəkildə iqtisadi dövriyyəyə cəlb edirlər.

Azərbaycanda hüquqi addımlar

Bu beynəlxalq və regional mənzərə fonunda Azərbaycanda da kazinoların fəaliyyətinə icazə verilməsi istiqamətində ilk ciddi hüquqi addım atılıb. Ölkədə kazino biznesinin leqallaşdırılması üçün qanunvericiliyə dəyişikliklər təsdiqlənib. Belə ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 240-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Fərmanlarda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Bununla da Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunları keçirilməsi rəsmiləşdirilib.

Kazino fəaliyyəti Azərbaycan iqtisadiyyatına nə vəd edir?

İqtisadçı ekspert Xalid Kərimli “APA-Economics”ə açıqlamasında kazino fəaliyyətinin Azərbaycanda turizmin inkişafına dəstək verəcəyini vurğulayıb: “Turistlər səyahət edəcəkləri ölkəni seçəndə orada həm təbii, coğrafi və tarixi gözəlliklərin, həm də turistlər üçün azadlıqların miqyasının geniş olmasını nəzərə alırlar. Ölkəmiz turizm iqtisadiyyatını genişləndirmək üçün qonşu ölkələrin təcrübəsindən faydalanmalı və turizm azadlıqlarını daha da genişləndirməlidir. Məsələn, Gürcüstan təbii coğrafi gözəlliyinə və ya tarixi abidələrinin zənginliyinə görə Azərbaycandan heç də öndə deyil. Eyni zamanda turizm sektoruna yatırılan investisiyalar baxımından da Azərbaycandan geridədir. Amma ölkəyə gələn turistlərin sayına görə Azərbaycanı bəzən 3-4 dəfə qabaqlayır. Bu, Gürcüstanın həm turistlər üçün yaratdığı azadlıqların genişliyi, həm də ölkəyə giriş-çıxışın daha ucuz olması ilə əlaqədardır. Bu baxımdan Azərbaycan turizm sahəsində uğurlu olan ölkələrin təcrübəsindən faydalanmalıdır. Kazino fəaliyyətinin rəsmiləşdirilməsi turistlərə verilən növbəti azadlıqdır. Biz bununla kifayətlənməməli, turizmin inkişafına dəstək verən addımlar atmalı və bu istiqamətdə digər əyləncə növlərini də leqallaşdırmalıyıq”.

Zəncirvari iqtisadi inkişaf

X. Kərimli hesab edir ki, Azərbaycanda kazino fəaliyyətinə icazə verilməsi ölkənin hotel sənayesinin inkişafına, iaşə sektorunun daha da canlanmasına dəstək verəcək: “Eyni zamanda xaricdən gələn kazino həvəskarları digər sahələrə də xərcləmələr edəcəklər. Turizm kompleks iqtisadi artıma dəstək verir. Turizmin ən böyük üstünlüklərindən biri tək özünün deyil, yan sahələrin də inkişafına dəstək verməsi və burda yaranan gəlirin əhali təbəqəsi arasında daha sürətlə yayılmasıdır. Yəni burada inklüzivlik çoxdur. Turizm sektorunda çox sayda insan işləyir. Kazino fəaliyyətinə icazə verilməsi həm də ölkədə məşğulluğun artmasına gətirib çıxaracaq. Ölkəyə gələn turistlərin xərcləmələri kənd təsərrüfatı, aqrar sənaye, pərakəndə ticarət üçün də əlavə təsir yaradacaq. Digər tərəfdən, Azərbaycandakı kazino həvəskarları da əylənmək üçün başqa ölkələrə üz tutmayacaqlar.

Seçilən
17
3
aznews.az

4Mənbələr