AZ

“Qarabağ”ın prezidenti: “Qurban Qurbanov daha 2 transfer istəyib”

"Komandamızın çıxışını çox müsbət qiymətləndirirəm. Çox gözəl oyun oldu".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl evdə İrlandiya "Şelburn"una 1:0 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, əsas məsələ zədə problemləri ilə üzləşməmələridir:

"Səfər matçından gözəl nəticə ilə qayıtmışdıq. Burada da tərtəmiz qələbə qazandıq.

Baxmayaraq ki, penaltini qaçırdıq, keçmiş olsun. Əsas odur ki, zədəlimiz, yaralımız yoxdur. Bu, bizim üçün çox önəmli idi".

T.Gözəl yeni transferlərdən məmnunluq ifadə edib:

"Klub prezidenti kimi məni sevindirən ikinci məsələ budur ki, yeni transferlər çox gözəl futbolçulardır. Düzdür, Dani Bolt zədə üzündən oynaya bilmədi, amma hesab edirəm ki, çox yaxşı transferlər olunub.

Qurban Qurbanov bu işlə məşğuldur, daha 2 transfer istəyib, biz də dəstək veririk. Onun seçim aparmasını, bəyənməsini səbirsizliklə gözləyirik".

Klub rəhbəri hədəflərinin Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməkdən ibarət olduğunu diqqətə çatdırıb:

"Mən Qurban Qurbanovu yeni transferlərə görə təbrik edirəm. Doğrudan da, "Qarabağ"ın bir dəst-xətti, oyun tərzi var.

Yeni transferlər də bu sistemə uyğundurlar. Mən buna sevinirəm.

Güman edirəm ki, hücumçu və hücumameylli yarımmüdafiəçi transferimiz də edilsə, mövsümə tam hazır olacağıq və Çempionlar Liqasının qrup mərhələsində oynadığımız 2017/2018 mövsümünü təkrarlayacağıq.

Düzdür, artıq ardıcıl 12-ci mövsüm avrokubokların əsas mərhələsində iştirakımızı təmin etdik, amma hədəfimiz daha yuxarıdır.

Bu, "Qarabağ"ın gəliri üçün də çox önəmlidir. Maliyyə vəziyyətimiz keyfiyyətli oyunçular gətirməyə də imkan verəcək".

O, baş sponsorun dəstəyinə rəğmən, "Qarabağ"ın müstəqil klub olmağa çalışdığını vurğulayıb:

"Müstəqillik hər kəsə xoşdur. Klub olaraq, biz də istəyirik ki, özümüzü öz gəlirlərimizlə idarə edək.

Bu, bizim üçün çox önəmli idi. Ona görə də bu oyunlar bizim üçün çox vacibdir".

Seçilən
2
sportinfo.az

1Mənbələr