“Qarabağ”ın prezidenti Tahir Gözəl komandanın edəcəyi transferlərdən danışıb.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib:
“Klubun prezidenti kimi məni sevindirən məqam odur ki, yeni gələn futbolçularımız çox yaxşıdır. Hesab edirəm ki, yaxşı transferlər oldu. Qurban Qurbanov bu işlə məşğuldur. İki transfer də olacaq. Qurban müəllim istəyib. Biz də dəstək veririk. Onun seçməsi, bəyənməsi lazımdır. Hədəfimiz liqa mərhələsində oynamaqdır”.
- Transferlər hansı mövqelərə olacaq?
- Qurban Qurbanov yarımmüdafiə və hücuma transfer istəyib.
- “Turan Tovuz”un “Qarabağ”ın sabiq futbolçusu İbrahima Vadji ilə anlaşdığı bildirilir. Sizə də hücumçu lazımdır. Vadji ilə hər hansı təmasınız oldu?
- Bununla bağlı nəsə deyə bilmərəm. Mənim üçün vacib olan odur ki, 4 yeni oyunçumuzu gördük. Qurban müəllimə təşəkkür etmək istəyirəm. “Qarabağ”ın öz dəst-xətti, oyun tərzi var. İnanmıram ki, iki transferimiz də olsa, 2017/2018 mövsümündə göstərdiyimiz nəticəni (Çempionlar Liqasının qrup mərhələsi) təkrarlayacağıq.
- “Qarabağ” ən azından Konfrans Liqasının liqa mərhələsinə vəsiqəni təmin etdi. Bu haqda nə deyə bilərsiniz?
- Hədəfimiz daha yuxarıdır. Bu, klubun gəlirləri üçün də çox önəmlidir. Sponsorumuz “bir nömrə”dir, əla sponsordur. İllərdir klubu dəstəkləyib. Amma “Qarabağ” klubu da çalışır ki, müstəqil olsun. Klub olaraq da istəyirik ki, öz gəlirlərimizlə özümüzü idarə edək. Ona görə də bu oyunlar bizim üçün çox önəmlidir.