Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya ilə Azərbaycan arasında mövcud ziddiyyətlərdən milli zəmində nifaq salmaq üçün istifadə etməyə hazırlaşır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Bizdə olan məlumata görə, Ukrayna Təhlükəsizlik Xidməti mövcud Rusiya-Azərbaycan ziddiyyətlərindən milli zəmində nifrət və düşmənçiliyin qızışdırılması üçün istifadə etmək niyyətindədir. Xüsusilə, Rusiyadan gedənlər vasitəsilə mükafat müqabilində Rusiya bayrağı altında Azərbaycan vətəndaşlarına, nümayəndəliklərinə və mədəniyyət obyektlərinə qarşı təxribat törətmək planlarından xəbərimiz var. İdeya ondan ibarətdir ki, bu cür təxribatlar uğurla həyata keçirilərsə, Azərbaycan, Türkiyə və Avropa media məkanında Rusiyanın hansısa təcavüzü ilə bağlı məlumatlar yayılsın”, - o bildirib.
M.Zaxarovanın bu bəyanatına Ukrayna tərəfinin reaksiyası özünü çox gözlətməyib. Haqqin.az-ın məlumatına görə, Ukraynanın Azərbaycandakı səfiri Yuriy Qusev xüsusi bəyanatla çıxış edərək M.Zaxarovanı yalan və dezinformasiya yaymaqda ittiham edib.
“Terror aktları, etnik ədavətin qızışdırılması, dinc əhalinin qətli Rusiya xüsusi xidmət orqanlarının tanış dəsti-xəttidir və bugünkü Rusiyanın dəhşətli reallığıdır”, - Ukrayna səfirinin bəyanatında deyilir.
Y. Qusevin sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidməti Rusiya xüsusi xidmət orqanlarından bir qədər fərqli xarakter daşıyan xüsusi xidmətdir: “UTX hər gün Ukrayna xalqını, torpağımızı və dövlətçiliyimizi terrordan, təxribatdan və xarici müdaxilələrdən qoruyur.
UTX-nın effektivliyi bütün dünyada etiraf olunur və artıq müasir tarix dərsliklərinə daxil edilib. Ukrayna ilə Azərbaycan arasında əsl tərəfdaşlıq münasibətləri inkişaf edir, xalqlarımızı möhkəm dostluq və qarşılıqlı dəstək bağlayır. Biz strateji tərəfdaşlığımızı ardıcıl surətdə inkişaf etdiririk ki, bu, bir qayda olaraq, yalnız təxribat və təcavüz yolu ilə fəaliyyət göstərməyə adət etmiş qüvvələr arasında aşkar narahatlığa səbəb olur. Və bu məlum faktdır...”.