Bakı, 31 iyul, AZƏRTAC
Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, qlobal ÜDM bu il 3,0 faiz, 2026-cı ildə isə 3,1 faiz artacaq. Hələ aprel ayında təşkilat daha aşağı göstəricilər gözləyirdi. Bu barədə AZƏRTAC DW saytına istinadla xəbər verir.
Ticarət rüsumları ilə bağlı mübahisələrə baxmayaraq, BVF qlobal iqtisadiyyatın perspektivlərini bir neçə ay əvvəlki dövrlə müqayisədə daha nikbin qiymətləndirir.
Bununla da, BVF aprel hesabatı ilə müqayisədə 2025-ci il üçün proqnozunu 0,2 faiz bəndi, gələn il üçün isə 0,1 faiz bəndi yaxşılaşdırıb. Eyni zamanda, bu göstəricilər hələ də 3,7 faiz təşkil edən uzunmüddətli orta qlobal iqtisadi artım göstəricisindən xeyli aşağıdır. 2024-cü ilin sonuna o, 3,3 faiz idi.
BVF ekspertləri proqnoz düzəlişini əsaslandırarkən ABŞ və Çinin yeni qarşılıqlı rüsumları dayandırmaq qərarlarına diqqət çəkiblər, Aİ isə bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Trampla ticarət münaqişəsinə son qoymaqla bağlı razılıq əldə edib. Bundan əvvəl Böyük Britaniya və Yaponiya belə sazişlər bağlayıblar. Bundan əlavə, birinci rübün iqtisadi göstəriciləri gözləniləndən xeyli yüksək olub, daha sonra qeyd edilir.
Bu arada, BVF-nin Almaniya üçün proqnozu cari il üçün cəmi 0,1 faiz, gələn il üçün 0,9 faiz təşkil edir, keçən il isə Almaniyanın ÜDM-i 0,2 faiz azalmışdı. Avrozona iqtisadiyyatı, təşkilatın hesablamalarına görə, 2025-ci ildə 1,0 faiz, 2026-cı ildə isə 1,2 faiz arta bilər.
BVF-in proqnozuna görə, ABŞ iqtisadiyyatı bu il 1,9 faiz, gələn il isə 2,0 faiz artacaq. Yaxın iki ildə inkişaf etmiş ölkələrdə orta hesabla iqtisadi artım müvafiq olaraq 1,5 faiz və 1,6 faiz təşkil edəcək, 2024-cü ildə isə bu rəqəm 1,8 faiz idi.