AZ

ABŞ Tayland və Kamboca ilə ticarət sazişləri imzalayıb

Vaşinqtonun razılaşmaya gəlməsi münaqişənin dayandırılması ilə mümkün olub...

ABŞ-ın ticarət naziri Hovard Latnik Vaşinqtonun Tayland və Kamboca ilə ticarət sazişləri imzaladığını açıqlayıb.

Poliqon xəbər verir ki, nazir bu barədə Fox News telekanalında danışıb və bildirib ki, sazişlərə krallıqların hərbi əməliyyatları dayandırmasından sonra nail olunub.

Bundan öncə Tayland və Kamboca birgə bəyanat yayaraq, sərhəd münaqişəsinin siyasi yolla nizamlanmasına Çinin vasitəçilik etdiyini bildirmişdilər. Sənəd Malayziyanın paytaxtı Kuala-Lumpurda aparılan danışıqların nəticəsində hazırlanmışdı.

ABŞ prezidenti Donald Tramp da daha əvvəl bəyan etmişdi ki, Tayland və Kamboca arasında baş verən gərginliyin aradan qaldırılmasında onun şəxsi müdaxiləsi mühüm rol oynayıb.

Qeyd edək ki, Tayland və Kamboca arasında silahlı qarşıdurma iyulun 24-də səhər saatlarında sərhəd zonasında baş verən atışmalardan sonra başlanmışdı. Kamboca Tayland ərazisinə, o cümlədən mülki infrastruktura qarşı “Qrad” reaktiv yaylım atəşi sistemlərindən istifadə etmiş, Tayland isə cavab olaraq Kamboca silahlı qüvvələrinin mövqelərinə hava zərbələri endirmişdi.

Rəsmi məlumatlara görə, toqquşmalarda azı 22 nəfər həlak olub, 140-dan çox insan yaralanıb. Münaqişə zonasında yaşayan təxminən 140 min taylandlı sakin təxliyə edilib.

Xatırladaq ki, iyulun əvvəlində ABŞ avqustun 1-dən etibarən bir sıra ölkələr, o cümlədən Tayland və Kambocadan idxal edilən məhsullara gömrük rüsumlarının artırıldığını elan etmişdi. ABŞ dövlət katibi Marko Rubio isə bildirib ki, Vaşinqton münaqişənin həlli prosesində Malayziya ilə birgə iştirakını davam etdirəcək.

Poliqon.info

Seçilən
25
poliqon.info

1Mənbələr