Bakı, 31 iyul, AZƏRTAC
“Sevincimin həddi-hüdudu yoxdur. Şükür edirəm ki, torpağıma qayıdıram. Öz yurduma, doğma ocağıma doğru gedirəm. Həyəcanlıyam. Amma bu, elə bir həyəcandır ki, illərlə gözləmişik, xoşdur”.
AZƏRTAC xəbər verir ki, bu sözləri bu gün Ağdam rayonunun Xıdırlı kəndinə köç edən sakin Ramiz Nəbiyev söyləyib.
Köçkün düşərkən gənc olduğunu deyən sakin artıq övladları ilə birgə qayıtdığını diqqətə çatdırıb: “Oradan çıxanda 21-22 yaşım var idi. İndi isə övladımla - ailəmlə birlikdə qayıdıram. Həm ata kimi, həm də bu torpaqlara canla-başla qayıdan bir soydaş kimi gedirəm”.
R.Nəbiyev, həmçinin arzusunun Ağdamda yaşamaq olduğunu bildirib. “İstəyim, dualarım hamısı bu torpaqlarda yaşamaq, o yerləri yenidən qurmaq üçündür. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Bu günə gəlmək üçün çox qurbanlar verilib, çox əziyyətlər çəkilib”.