Seyidlər Samuxun böyük kəndlərindəndir. Son illər kəndimizdə aparılan bir sıra infrastruktur layihələri kənd əhalisinin razılığı ilə qarşılanır və mövcud problemlərin həllində müsbət rol oynayır.
Son vaxtlar kəndin əkin sahələrinin suvarılmasında problemlər yaranmışdı. Uzun illər idi ki, köhnə nasos stansiyası yararsız hala düşmüşdü. Bu barədə rayon rəhbərliyinə etdiyimiz müraciət, nəhayət ki, həllini tapdı. Müraciətimiz Dövlət Su Ehtiyatları Agentliyinə yönləndirildi. Çox çəkmədi, kənddəki stansiyada əsaslı təmir işlərinə başlanıldı və qısa vaxt ərzində suyun verilişi təmin edildi. Seyidlər və Qədili kəndlərində 300 hektar əkin sahəsinin suvarılması təmin olundu.
Hörmətli redaksiya, xahiş edirəm, kənd sakinlərinin adından bizə yardımçı olan təşkilatlara təşəkkürümüzü çatdırasınız.
İkram YUSİFOV,
Samux rayonu, Seyidlər kəndinin sakini