BAKI. 31 iyul. TELEQRAF
"Qarabağ" da FCSB kimi çox təcrübəli oyunçulara malik böyük komandadır. Lakin bizim üçün ən vacibi rəqibə hörmət, əlimizdən gələnin ən yaxşısını etməkdir".
Teleqraf xəbər verir ki, bunu Şimali Makedoniya "Şkendiya"sının baş məşqçisi Ceton Bekciri Rumıniyada FCSB klubunu 2:1 hesabı ilə yendikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.
Tetovo komandası ilk matçda da 1:0 hesabı ilə qalib gəldiyi üçün qitənin ən nüfuzlu klub turnirində növbəti mərhələyə yüksəlib. 43 yaşlı mütəxəssisin sözlərinə görə, III təsnifat mərhələsində qarşılaşacaqları "Qarabağ" barədə iyulun 31-dən düşünməyə başlayacaqlar: "Bu rəqibi analiz etməyə çalışacağıq. Hazırda isə mərhələ adlamağın dadını çıxarırıq".
O, oyundan əvvəl FCSB rəhbərliyinin "Şkendiya"nı Rumıniyanın II Liqası səviyyəsində komanda kimi dəyərləndirməsini aşağılayıcı münasibət adlandırıb. Bekciri Rumıniyanın nəinki II Liqa, hətta III Liqa klublarına da hörmətlə yanaşdığını söyləyib: "Mənim üçün hər gün əminliklə çalışmaq, əlimdən gələni əsirgəməmək, ilk növbədə, rəqibə, daha sonra özümə hörmət etmək çox vacibdir".
Qeyd edək ki, "Şkendiya" və "Qarabağ" arasındakı ilk oyun 5-6 avqustda Skopyedə, cavab görüşü 12 avqustda Bakıda keçiriləcək.