AZ

Yas sahibini borca salmayaq

Qusar rayonunda uzun illər idi ki, yas yerlərində israfçılığa yol verilirdi. Dünyasını dəyişənin yaxınları hüzrdən sonra borc qaytarmaq barədə düşünürdülər.  

Bizim bir tanışımızın atası rəhmətə gedəndə bankdan kredit götürmək məcburiyyətində qalmışdı ki, bu da dərdinin üstünə dərd gətirmişdi. Odur ki, sakinlər qərara aldılar ki, hüzr yerlərində çay süfrəsi ilə kifayətlənsinlər. Belə də oldu. Bu gün qusarlıların böyük qismi hüzrdə buna əməl edir. Yalnız uzaq yol gələnlərə ehsan kimi yemək verilir, o da ehtiyac olarsa.

Bu günlər yolumuz Sumqayıta düşmüşdü. Qızımgilin qonşusu dünyasını dəyişmişdi. Hamı həyətdəki mərasim evində idi. Bəlkə də orada 150 adam vardı. Ehsan vaxtı hamı içəri keçdi. Qızımdan hüzr sahibinin imkanlarını soruşanda onun hətta işsiz olduğunu bildirdi. Onu da dedi ki, məclisi yola vermək üçün ailəsi qonşudan borc alıb. 

Dünyasını dəyişənin özü ilə apardığı kəfəndən başqa bir şey yoxdur. Amma sağ qalan yaxınları üçün bu adətlər yeni problem yaradır. Onsuz da o dünyada hamı gördüyü əməllərə görə cavab verir. Gəlin onun çiyinlərinə bu borcu da yükləməyək. Yəni sayıb gələn insanlar çay süfrəsində etdiyi dualarla onu yad etsin. Bu, Allaha da xoş gedər, bəndəyə də.

Dilarə ŞIXAVERDİYEVA,

Qusar rayon sakini

Seçilən
10
azerbaijan-news.az

1Mənbələr