AZ

Əlişa qalasında yeni tapıntılar aşkar olunub

Əlişa

qalası cənub qapımız Astara rayonunun ən səfalı guşəsi Alaşa kəndinin ərazisi

sayılan Hirkan Dövlət Təbiət Qoruğunun girişində, strateji yüksəklikdə qərar

tutub. Böyük tarixi keçmişə malik olan abidə elmi cəhətdən tədqiq olunmamış

qalırdı.

Doğrudur

burada 2023-cü ilin sentyabr ayında bir qədər qazıntı işləri aparılmışdı. Amma

bu il iyunun 2-dən etibarən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)

Arxeologiya və Antropologiya İnstitutunun Astara rayonu arxeoloji ekspedisiyası

tərəfindən başlanan arxeoloji qazıntılar intensiv hal alıb. Artıq qalada tədqiqat

zamanı yeni tapıntılar üzə çıxıb. Belə ki, ümumilikdə 500 kvadratmetr sahədə

aparılan qazıntılar nəticəsində iki divar qatı və otaq strukturları müəyyən

edilib, qədim su hövzəsi ətrafında 3 su qurğusu və saxsı boru xətləri

aşkarlanıb. Qalanın iç sahəsində isə bişmiş kərpicdən inşa olunmuş, döşəməsi

yonulmuş daşlarla örtülən tikili üzə çıxarılıb, tünd rəngli, miniatür

naxışlarla bəzədilən XII-XIV əsrə aid kaşı və keramika fraqmentləri tapılıb.

Qazıntılara tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayevin rəhbərliyi

altında ekspedisiya qrupu nəzarət edir.

Son

qazıntıda daha bir tapıntı - qədim dövrə aid yoncavari formada inşa edilmiş daş

hovuz kompleksi aşkarlanıb. Mikayıl Mustafayev bildirir ki, diametri təxminən

1,5 metr olan kompleks daimi su axınını təmin edən daş su arxları və döşəməsi

daş plitələrlə örtülmüş əlavə tikililərdən ibarətdir: "Əldə edilən saxsı

materiallar həmçinin tikinti texnikasına əsasən bu kompleksin eramızdan əvvəl

I-III əsr aralığında inşa edildiyi ehtimal olunur. Struktura bitişik divar

qalıqları və ərazinin qaya relyefi bu hovuzun qala daxilində yerləşən ritual və

ya ictimai təyinatlı su qurğusu olduğunu göstərir. Bu tip hovuz forması indiyədək

yalnız Yaxın Şərq, İran və Aralıq dənizi sivilizasiyalarında qeydə alınmışdır.

Onun ilk dəfə olaraq Azərbaycan ərazisində aşkar olunması ölkənin qədim

memarlıq və mədəniyyət tarixinin tədqiqi baxımından mühüm elmi yenilik sayıla

bilər".

Əlişa

qalasında aparılan tədqiqatlar bölgənin qədim və Orta əsrlərə aid mədəni-tarixi

irsini daha dərindən öyrənmək baxımından olduqca dəyərli əhəmiyyətə malikdir.

Turistlərin də qalaya marağı böyükdür. Məhz buna görə  ziyarətçilərin təhlükəsizliyi, həm də

arxeoloji ekspedisiyanın rahat fəaliyyəti üçün əraziyə gələn yol

abadlaşdırılır.

 

Z.ORUCOĞLU

Seçilən
23
azerbaijan-news.az

1Mənbələr