Artim Şakiri Azərbaycan futbolu üçün tanış addır. O, 2008/09 mövsümündə Qurban Qurbanovun baş məşqçiliyi altında “Qarabağ”da oynayıb və Azərbaycan kubokunu qazanıb. Makedoniya - indiki Şimali Makedoniya millisinin tanınmış futbolçularından olmuş Şakirini karyerasını başa vurduqdan sonra baş məşqçi kimi ilk fəaliyyəti “Şkendiya”da olub (2012/13). O, bu vəzifədə 2022-ci ildə də çalışıb.
İndi “Şkendiya” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın rəqibidir.
QOL.az saytına danışan 51 yaşlı keçmiş komandalarının oyununu maraqla izləyəcəyini bildirib: “Yaxşı oyun olacaq. Məşqçilik karyerama “Şkendiya”da başlamışam. Həm “Şkendiya”, həm də “Qarabağ” mənim keçmişimdir. Buna görə də çox şərh vermək fikrim yoxdur, amma yaxşı futbol görmək istəyirəm. Deyə bilərəm ki, “Şkendiya” da artıq böyük kluba və brendə çevrilib”.
A.Şakiri “Qarabağ”ın kağız üzərində favorit olduğunu qeyd edib: “Düşünürəm ki, bu oyunda "Qarabağ" favoritdir. Amma heç də həmişə favorit qalib gələ bilmir. “Şkendiya" "Qarabağ" üçün çox çətin rəqibdir. Oyunlar asan olmayacaq.“Şkendiya” da “Qarabağ” kimi uzun illərdir avrokuboklarda çıxış edir. Komanda çox yaxşı və güclü olduğunu dəfələrdə sübut edib”.
A.Şakiri “Qarabağ”la “Şkendiya”nın avqustun 5-də Skopyedə keçiriləcək ilk oyununu səbirsizlikdə gözlədiyini də bildirib. O, uzun müddətdən sonra “Qarabağ”la görüşəcəyi üçün şad olduğunu vurğulyıb: “Klubda bütün insanları görmək mənim üçün xoş olacaq. Bu komanda ilə bağlı çox xoş xatirələrim var. Oyun isə məncə, maraqlı keçəcək”.
Ramiq Ağaməmmədov