Əkrəm Həsənov: “Ölkənin təhlükəsizliyinə təsir etməyən texnikanın idxalı qadağan oluna bilməz”
Məlum olduğu kimi, ali məktəblərə qəbul imtahanlarında müsbət nəticə əldə etmək məqsədilə bir sıra abituriyentləri xüsusi gizli texniki avadanlıqlar komplekti (mikroqulaqcıq, mikrokamera, mini telefon, naqil, Mi-Fi routeri və s.) ilə təchiz edən şəbəkə ifşa olunub.
Onlar Dövlət İmtahan Mərkəzinin müraciəti əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən görülmüş tədbirlərlə müəyyənləşdirilərək saxlanılıblar və barələrində DTX-də cinayət işi başlanılıb. Məsələ bəzi abituriyentlərin nəticələrinin ləğv olunması ilə nəticələnib.
Ancaq qeyd edək ki, ifşa edilən xüsusi texnika təkcə imtahan üçün nəzərdə tutulmur. Mikroqulaqcıq, mikrokamera, mini telefon, naqil, Mi-Fi routeri və digərləri müxtəlif məqsədlər üçün istifadə olunur və bu əşyaların ölkəyə idxalı, biznesi ilə məşğul olanlar var. Məlum əməliyyatların keçirilməsi ilə yanaşı, mikrotexnikanın ölkəyə gətirilməsinin qarşısı alına bilərmi? Ümumiyyətlə, bu cür məhsulların ölkəyə idxalı qadağan oluna bilərmi?
“İmtahanlarla bağlı nəzarət, yoxlama işləri daha da sərtəşdirilməlidir”
Hüquqşunas Əkrəm Həsənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ölkənin təhlükəsizliyinə təsir etməyən texnikanın idxalı qadağan oluna bilməz: “Həmin texnikadan kimsə pis niyyətlə istifadə edəcək deyə, idxalı dayandırıla bilməz. O cür texnikalardan yaxşı niyyətlə də istifadə edilirsə, niyə qadağan olunmalıdır? Ümumiyyətlə, heç bir dünya ölkəsində belə bir qadağa yoxdur. Ancaq imtahanlarla bağlı nəzarət, yoxlama işləri daha da sərtəşdirilməlidir. Məlumdur ki, bu günlərdə ali məktəblərə qəbul imtahanlarında müsbət nəticə əldə etmək məqsədilə bir sıra abituriyentləri xüsusi gizli texniki avadanlıqlar komplekti ilə təchiz edən şəbəkə ifşa olunub. Bu səbəbdən də imtahana girən abituriyenti, şəxsi daha yaxşı yoxlamaq, nəzarət tədbirlərini daha da gücləndirmək lazımdır. Məndə olan məlumata görə, imtahan keçirilən otaqlarda xüsusi müşahidə kameraları olur. Belə olan halda abituriyentin həmin cihazlardan necə istifadə etdiyi şübhə yaradır, şərait yaradılmasa həmin qurğulardan istifadə edilməz”.
Günel CƏLİLOVA