AZ

S.Osmanqızı nədən Solovyov, Simonyan kimi zurnaçalanlara züy tutur?

Çox çətin və mürəkkəb bir tarixi dövrdə yaşayırıq. Dünya hərtərəfli (iqtisadi-siyasi, hərbi, mənəvi) tənəzzül dövrünə qədəm qoyub. Qlobal əhəmiyyətli  şüurun təzahür formasından ibarət olan bəşəri dəyərlər demək olar ki, aşınıb. Ədalət, xeyirxahlıq, mərhəmət hissi qəhətə çıxıb. Dünya lidersizlik sindromu ilə üz-üzə qalıb. Əvəzində dünyanı idarə etmək iddiasına düşən, maddiyyat hərisliyinin, çılğın ehtiraslarının girovuna çevrilən, öz kini, hikkəsi, qəzəbi ilə bəşəriyyəti məhv etməyə, Günəş sistemində yaşayışın olduğu yeganə planeti, təxminən 4.54 milyard yaşı olan Yer kürəsini dağıtmağa hazır olan müasir Dəccallar meydan sulayırlar.

Mizan-tərəzinin itdiyi, dünya nizamının pozulduğu bir dövrdə “güclüyəm haqlıyam”prinsipindən əl çəkməyən böyük dövlətlərin “başbilənləri”nin yürütdükləri naşı, qərəzli, imperiyaçı, şovinist siyasətin nəticəsində iyirminci əsrdə baş verən Xolokost, Xatın, Nakasaki, Xirosima, Xocalı faciələri bu gün Qəzzada, Ukraynada, Yəməndə yenidən təkrarlanır. Onların iblisvari, mənfəətpərəst siyasətlərinin sayəsində dünya nemətləri xalqlar arasında ədalətsizcəsinə bölüşdürülür. Beynəlxalq təşkilatların təşvişli hesabatlarına görə, hazırda bütün dünyada aclıq və səfalət içərisində yaşayan insanların sayı yenə də sürətlə artmaqdadır. Hesabatlarda bildirilir ki, Yer kürəsində dünya əhalisini qidalandırmaq və dolandırmaq üçün kifayət qədər ərzaq məhsulu vardır. Onları, sadəcə olaraq, müharibələrsiz, münaqişələrsiz ölkələr arasında qardaşcasına mütənasib surətdə bölmək lazımdır.

Siyasət və iqtisadiyyatın qarşılıqlı təsirini beynəlxalq miqyasda öyrənən, qlobal sistemdəki iqtisadi və siyasi qüvvələrin əlaqəsini araşdıran bir elm sahəsi olan, beynəlxalq iqtisadi siyasət, ticarət, maliyyə, inkişaf, güc münasibətləri və institusional tənzimləmələr kimi mövzuları əhatə edən Beynəlxalq Siyasi İqtisad və ya digər adı ilə Qlobal Siyasi İqtisad üzrə alimlərin təhlillərinə görə, Dünya iqtisadiyyatının COVID-19 şoku və ya tənəzzülü hələ də davam edir. Təəssüf ki, dünyanın ayrı-ayrı nöqtələrində baş verən müharibələr, münaqişələr, qanlı toqquşmalar, sürətlə silahlanmalar bu tənəzzülü aradan qaldırmağa imkan vermir.

  Baş verən mürəkkəb və qeyri-müəyyən proseslərin, müharibələrin, qanlı toqquşmaların fonunda, dünya nizamının sözün əsl mənasında pozulduğu, kataklizmlərin tüğyan etdiyi, sosial-siyasi və iqtisadi böhranların artdığı dövrdə Cənubi Qafqazın lider və qalib dövləti olan Azərbaycanın Prezidenti İlham Əliyevin milli maraqlara söykənən uğurlu daxili və xarici siyasəti səyəsində sabitlik, əmin-əmanlıq adasına çevrilməsi hər birimizin qəlbini sevinc və fərəh hissi ilə doldurur. Azərbaycan Liderinin çoxşaxəli müstəqil siyasəti sayəsində ölkəmiz dünyada regional və qlobal müstəvidə söz sahibinə çevrilib.  İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəsi ilə yeni reallıqlar yaradan  Azərbaycanın regionun iqtisadi, siyasi mərkəzinə çevrilməsi, beynəlxalq nüfuzunun güclənməsi bəzi mərkəzləri, ölkəmizi öz təsir dairəsində saxlamağa can atan dövlətləri narahat edir.

Məhz həmin qüvvələr, anti-Azərbaycan mərkəzlər ölkəmizə təzyiq göstərmək istiqamətindəki fəaliyyətlərində məkrli vəsitələrdən istifadə edir, çirkin məqsədlərini reallaşdırmaq üçün muzdlu nökərlərini, dövlətimizin başçısının bildirdiyi kimi, “zəncirli köpəkləri”ni üstümüzə salırlar. Rusiyalı teleaparıcı Vladimir Solovyovun bu ölkənin “Rossiya1” dövlət televiziya kanalında, eləcə də Kremlin təbliğatçılarından olan  Marqarita Simonyanın, Olqa Skabayevanın və onlara züy tutan “sapı özümüzdən olan baltalar”ın- Sevinc Osmanqızının, Qənimət Zahidin, Əfqan Müxtarlının, Tural Sadıqlının, Emin Hüseynovun və digərlərinin  Azərbaycanın ərazi bütövlüyü əleyhinə fikirlər səsləndirmələri bunun əyani təsdiqidir. Qərbdəki bəzi anti-Azərbaycan dairələrin nəzarətində olan donor təşkilatlarının qrantlarından və ermənipərəst fondların əvəzsiz yardımlarından bəhrələnən antimillilər həmin dairələrin tapşırıq və sifarişlərini yerinə yetirərək, internet vasitələrindən istifadə edərək ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna zərər vermək, yaydıqları dezinformasiyalarla insanların süuraltına təsir etmək, bu yolla cəmiyyətdə süni şəkildə siyasi qütbləşmə yaratmaq üçün ən çirkin üsullara əl atırlar. Öz məqsədlərinə çatmaq üçün tez-tez manipulyasiyalardan istifadə edən bu makiavellist ünsürlər hazırda ölkəmizə qarşı həyasızcasına aparılan qarayaxma kampaniyasının ön cərgələrində yer alırlar. Şübhəsiz, erməni lobbisinin təsiri altında olan bəzi xarici təşkilatların və Azərbaycan əleyhdarlarının verdikləri pulların qarşılığında onların basqı və həmlələrinin bu xəyanətkar dəstənin başı üzərində “Demokl qılıncı” kimi asıldığı da danılmaz faktdır. Ancaq V.Solovyov, M.Simonyan, O.Skabayeva kimi muzdlu nökərlərə şam tutan S.Osmanqızı, Q.Zahid, T.Sadıqlı və digər ünsürlər bilməlidirlər ki, onların bu xəyanətini tarix və xaqlımız heç vaxt bağışlamayacaq.

 Zahid Rza, “İki sahil”

Seçilən
43
ikisahil.az

1Mənbələr