AZ

Kiyevə dron və raket zərbələri: ölənlər və yaralananlar var | VİDEO

AzVision.az Ukrayna mediasına istinadən xəbər verir ki, Kiyevin meri Vitali Kliçko Svyatoşinski rayonunda yaşayış binasının girişinin dağıldığını bildirib. Fövqəladə hallar xidməti hadisə yerində işləyir. Həmçinin bir neçə qeyri-yaşayış binasında yanğınlar var.

Həmçinin Solomenski rayonunda bir neçə binadakı mənzillər, Qoloseyevski və Şevçenkovski rayonlarında müxtəlif binalar zədələnib. Şəhərdə yanğınlar baş verib.
Ukraynanın Daxili İşlər naziri İqor Klimenko doqquzmərtəbəli binanın uçan girişinin foto və videolarını yayıb.

Kiyev şəhərinin hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko öz Telegram-kanalında zərbələr nəticəsində biri uşaq olmaqla 6 nəfərin həlak olduğunu yazıb. Bundan əvvəl 48 nəfərin yaralandığı və onlardan 29-nun xəstəxanalara yerləşdirildiyi açıqlanmışdı.

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Kiyevə raket zərbəsi endirərkən uçan binanın girişinin videosunu yayımlayıb.

“Kiyev. Raket zərbəsi. Düz yaşayış binasına. Dağıntılar altında insanlar. Bütün xidmətlər yerindədir. Rus terrorçuları”,- Ukrayna lideri paylaşım edib.

Xatırladaq ki, iyulun 29-da ABŞ prezidenti Donald Tramp Rusiyaya hərbi əməliyyatları dayandırmaq üçün 10 gün vaxt verdiyini bildirib. Daha əvvəl, iyulun 14-də isə Tramp bunun üçün 50 gün müddət təyin etmişdi, lakin sonradan Rusiya prezidenti Vladimir Putinin hərəkətlərindən məyus olduğunu əsas gətirərək, müddəti azaldıb.

ABŞ prezidenti vurğulayıb ki, Vaşinqtonun səylərinə baxmayaraq, Moskva eskalasiyanı davam etdirir və dinc Ukrayna şəhərlərinə zərbələr endirir. Göstərilən müddətdən sonra Tramp ikinci dərəcəli sanksiyalar - Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100% rüsumlar tətbiq edəcəyini bildirib.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
33
azvision.az

1Mənbələr