"Düşünürəm ki, azarkeşləri maraqlı oyun gözləyir. Biz məşqçilər üçün mətbuat konfransında ətraflı məlumat vermək çətindir. Bilirik ki, böyük azarkeş kütləsinin önündə yaxşı bir komandaya qarşı oynayacağıq. Bu gözəl atmosferdə yaxşı nəticə qazanmaq istəyirik".
QOL.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 2-ci təsnifat məhələsinin "Hayduk"la cavab oyunundan (ilk görüş - 1:1) əvvəl təşkil olunan mətbuat konfransında deyib. Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Bildiyimiz kimi, əsas futbolçularınızdan biri olan Brahim Konate ilk oyunda zədələnib. Digər tərəfdən də Anje Mutsinzi viza problemi səbəbindən buraya gələ bilməyib. Bunlar sizin oyununuza nə qədər təsir göstərə bilər?
- Onsuz da bizim Konate və Mutsinzidən əvvəl də itkilərimiz var idi. Bir neçə futblçumuz zədəli idi. Təlim-məşq toplanışında müəyyən uğursuzluqlar yaşamışdıq. Salifu Suma komandadan ayrıldı. Rafael Utziq bizə gec qoşuldu. Eldar Quliyev, Yeqor Baqamolski, Vinsent Till zədə almışdı. Bunlar ilk oyundan əvvəlki itkilərimiz idi. Amma cavab oyunundan əvvəl daha iki itki ilə üzləşdik - Mutsinzi və Konate. Əlbəttə, hər bir məşqçi istəyər ki, avrokubok oyunu öncəsi bütün futbolçuları əlinin altında olsun, hamıdan istifadə edə bilsin. Amma bu itkilər də futbolun bir hissəsidir. Sadəcə bizdə daha çox oldu. Düşünürəm ki, komandamız xarakterli, möhkəm bir kollektivdir və futbolçularımız itkilərimizi oyun zamanı hiss etdirməyəcəklər. Hər zaman çalışmışıq ki, güclü kollektiv formalaşdıraq, oyunumuz hər hansısa bir futbolçu üzərindən qurulmasın. Bu tip situasiyalara əvvəllər də düşmüşük. İnşallah, "Hayduk"la oyunda da itkiləri hiss etdirməməyə çalışacağıq.
- Zədələnən futbolçular ilk matçda çox yaxşı oyun göstərmişdilər. Cavab matçında onları əvəz edəcək futbolçulardan eyni çıxışı gözləyə bilərikmi?
- Mən bu haqda çox düşünmürəm. İkilər üzərində heç vaxt çox dayanmamışam. İtkilər yaşayanda buna görə baş sındırmıram. Daha çox önümüzə baxmağa çalışıram. "Hayduk"la cavab oyununda digər futbolçulara rahat şəkildə şans verəcəyik. Şübhəm yoxdur ki, Mutsinzidən, Konatedən və digər zədəli futbolçularımızdan da daha yaxşı çıxış edəcəklər. Onlar üçün də yaxşı bir fürsət olacaq ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Düşünürəm ki, bundan yararlanacaqlar.
- Sizcə, mərhələ adlamaq üçün hansı komanda favoritdir?
- Açığı, cavab oyunu öncəsi favorit görmürəm. Bizim müəyyən qədər avrokubok təcrübəmiz var. Bilirik ki, bəzən cütün taleyi ilk oyunun nəticəsindən asılı olmur. Çox şey cavab görüşündə həll olur. Sadəcə vacib olan budur ki, cavab oyununa mərhələ adlamaq şanslarını yüksək saxlayaraq çıxasan. Biz ilk matçda sərgilədiyimiz oyunla cavab görüşündə də mərhlə keçmək şansımızın olduğunu göstərdik. Rəqibin doğma azarkeşləri qarşısında oynayacağıq. "Hayduk" üçün yeganə üstün tərəf bu ola bilər. İnşallah, futbolçularımız 30 min rəqib azarkeşi qarşınıda zövq alaraq oynayacaqlar. Bu qədər azarkeş qarşısında oynamaq hər zaman qismət olmur. Yaxşı bir fürsətdir ki, gördüyümüz işdən həzz alaq.
- Bildiyimiz kimi, ötən mövsüm "Zirə" 2 dəfə "Osiyek"lə üz-üzə gəlib. Siz iki komanda arasında hansı fərqləri görürsünüz. Sizcə, "Hayduk"a qarşı oynamaq daha asandır, yoxsa "Osiyek"ə? Çünki hər iki komanda Xorvatiya çempionudur.
- Bir az çətin sualdır (gülür). Komandalar arasında müqayisə aparmağı sevmirəm. "Osiyek" həmin vaxt çox yaxşı formada idi. Sonra ölkə çempionatını uğursuz başa vurdular. Amma biz onlarla qarşılaşdığımız dövrdə uğurlu oyunlar keçirmişdilər. Bizdən əvvəlki mərhələdə də inamlı qələbə qazanmışdılar və yüksək psixoloji durumda idilər. Hər iki oyun gərgin və maraqlı keçdi. Bugünkü "Hayduk"la çempionatdakı "Hayduk" arasında fərq var. Rəqib olaraq indiki "Hayduk" daha təhlükəlidir. Bunda yeni baş məşqçinin də rolu var. "Osiyek"lə "Hayduk"u müqayisə etsəm, eyni səviyyədə qiymətləndirərəm.