“O vaxtkı rektor korpusunun da 80 %-i institutla universitetin fərqini bilmirdilər. Hələ də o institutlar universitet ola bilməyib...”
"TN-nin də adı dəyişdi ETN oldu, nə dəyişdi ki? Heç nə. Köhnə hamam, köhnə tas…"
Aktuallığını tanınmış təhsil eksperti İlham Əhmədovun “ADNSU ya “AZİİ”? Nə dəyişəcək ki?” başlıqlı növbəti yazısını dəyərli Moderator.az oxucularına təqdim edirik:
Bu da deyəsən islahatların yeni mərhələsidir. Keçmişdə tez-tez xəstələnən uşağın mollanın tövsiyəsi ilə adını dəyişdirirdilər ki, daha xəstələnməsin. Uşağı həkimə aparıb müalicə etdirmək əvəzinə, adını dəyişdirirdilər ki, “əzrayıl gəlib metrikanı yoxlayanda onu tanımasın”. İndi də o dövrə qayıdırıq, deyəsən...
25 il öncə bir gündə 40 institutun adı dəyişdi, hamısı universitet oldu. Nə dəyişdi ki? Guya bu addım Boloniya prosesinə qoşulmağa kömək edəcəkdi?..
O zaman yalnız girəcəkdə divardan asılan, institutun adı yazılan 40 löhvə yeniləndi. Vəssalam...
Davamı olaraq həmin institutlarda universitet səviyyəsinə yüksəlmək üçün heç bir addım atılmadı, heç bir layihə icra edilmədi. O vaxtkı rektor korpusunun da 80 %-i institutla universitetin fərqini bilmirdilər. Hələ də o institutlar universitet ola bilməyib...
İndi də universitetlərin keçmiş adlarını özlərinə qaytarırlar, bəlkə ayağı düşərli oldu. Nə dəyişəcək ki?.. O vaxt qəbul imtahanında 4 dənə “3” alan (yəni, 60 % ball yığan) “AZİİ”(rusca açması- “Azərbaydjanskiy industrialnıy institut”- qısaca “AZİ” deyilirdi) tələbəsi, indi 600-700 ball yığan tələbədən güclü idi.
Bu gün isə “AZİ”- yə 30-50 % balla gəlir tələbələr. Bundan danışaq gəlin.
Universiteti öz əməlləri, fəaliyyəti, nailiyyətləri tanıdır, adını yaxşılığa çıxardır, onu brend edir. Əvvəl iş olur, sonra ad yaranır.
Gəlin düşünək: necə edək ki, məktəblərdə tədris bərpa olunsun, uşaqlar “AZİ”-yə məktəblərdən gəlsinlər, əvvəllər olduğu kimi, repetitorxanalardan yox. Onda görəcəyik ki, ad dəyişməklə yox, iş üslubunu dəyişməklə, “AZİ”-dəki dürüstlüyü bərpa etməklə inkişaf olur.
Ad dəyişməklə AZİ-də yenidən Azad Mirzəcanzadələr yaranacaqmı?..
Xaricdən “AZİ”-yə yenə tələbə axını olacaqmı?..
TN-nin də adı dəyişdi ETN oldu, nə dəyişdi ki? Heç nə. Köhnə hamam, köhnə tas…
Sabah da M. Mehdizadə soyadlı bir vətəndaş tapıb, nazir etsək, bundan akademik, nazir M. Mehdizadə olacaqmı?..
Təhsilimiz düzələcəkmi?
Eyni bir çaya 2 dəfə dəfə daxil olmaq mümkün deyil. Hər şey axır, hər şey dəyişir…
“AZİ” -nin vaxtında təhsilimiz o dövrün tələblərinə uyğun olaraq düz qurulmuşdu. İndi isə təhsilimiz tərsinə qurulub. Heç bir sehirli xalat bizi o təhsilə qaytara bilməz, bu tərsinə qurulmuş təhsili kökündən dəyişməsək…
Bundan ötəri isə, yalnız ad dəyişmək yetərli olmayacaq, həm də akademik Mehdizadə kimi nazirlər, akademik İbrahimov kimi rektorlar da lazımdır..."