Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlir mənbələri üzrə 2024-cü il üzrə plan göstəricilərinin icrasında bəzi neft və qaz yataqları üzrə proqnozdan kənarlaşmalar müşahidə olunub.
"APA-Economics" xəbər verir ki, bu barədə Hesablama Palatasının ARDNF-in 2024-cü il büdcəsinin icrasına verdiyi rəydə bildirilib.
Hesabatda qeyd olunur ki, "Şahdəniz" qaz yatağı üzrə daxilolmalar 595,3 milyon ABŞ dolları proqnozlaşdırıldığı halda, faktiki daxilolma 309,6 milyon dollar təşkil edib və bu, cəmi 74,3%-lik icra səviyyəsi deməkdir. Bu göstərici üzrə 286 milyon dollara yaxın fərq yaranıb.
Həmçinin digər yataqlar üzrə də icra faizləri aşağı olub:
-
Kürovdağ yatağında faktiki hasilat planla müqayisədə 8% az icra olunaraq 92,04% təşkil edib.
-
Zığ-Hövsan Abşeron yatağında bu göstərici 94,72% olub.
-
Binəqədi yatağı üzrə isə cüzi fərqlə 99,6% icra qeydə alınıb.
-
Ən aşağı icra göstəricisi isə Kürsəngi və Qarabağlı yataqları üzrə daxilolmalarda müşahidə olunub – cəmi 56,15%.
Qeyd olunur ki, bu kənarlaşmalar Fondun gəlir strukturuna birbaşa təsir göstərməklə yanaşı, planlaşdırılan büdcə gəlirlərində risklər formalaşdırır. Hesabatda eyni zamanda hasilatla bağlı texniki və kommersiya risklərinin proqnozlaşdırılmasında və onların nəzarətində təkmilləşməyə ehtiyac olduğu vurğulanır.
Hesablama Palatası belə halların qarşısının alınması üçün hasilat və satış proqnozlarının daha real əsaslara söykənməsini, daxilolmalar üzrə şəffaf və effektiv monitorinq mexanizmlərinin tətbiqini tövsiyə edib.