AZ

Ərəb ölkələri HƏMAS-ı Qəzza zolağını tərk etməyə çağırıb

Bakı, 31 iyul, AZƏRTAC

Ərəb ölkələri Nyu-Yorkda BMT-nin himayəsi altında keçirilən İsrail-Fələstin münaqişəsinin “iki dövlət” prinsipi əsasında həllinə dair konfransda HƏMAS radikal qruplaşmasını anklavdakı hakimiyyətdən əl çəkməyə və bütün silahlarını Fələstin Muxtariyyətinə təhvil verməyə çağıran yeddi səhifəlik Bəyannaməyə imza atıblar. Onlar bu təşkilatın silahlı dəstələrini Qəzza zolağını tərk etməyə çağırıblar.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Fələstin Muxtariyyətinin Baş naziri Məhəmməd Mustafa bu çağırışı forumun tribunasından edib. O, bərpa və müdafiə missiyasında iştirak etmək üçün beynəlxalq qüvvələri regiona dəvət etməyə hazır olduğunu bildirib.

Avropa İttifaqı və Ərəb Liqası tərəfindən də təsdiqlənən Bəyannamənin sentyabr ayına qədər BMT tərəfindən rəsmi şəkildə təsdiqlənməsi gözlənilir. O vaxta qədər başqa ölkələr də ona qoşula bilər.

Fransanın Avropa məsələləri üzrə naziri Jan-Noel Barrot qəbul edilmiş sənədi “tarixi və misilsiz” adlandırıb. Həmin konfransda 15 Qərb ölkəsindən ibarət qrup dünyanı müstəqil Fələstin dövlətini tanımağa çağırıb. Sənədi imzalayan ölkələr HƏMAS-dan girovların İsrailə qaytarılmasını tələb edirlər. Eyni zamanda, onlar Qəzza zolağında çətin humanitar vəziyyətə işarə edərək, iki ilə yaxındır davam edən döyüşlərə son qoyulması istiqamətində səyləri artırmağa çağırıblar.

Qeyd olunur ki, ABŞ və İsrail konfransı boykot edib. Hər iki ölkənin liderləri hazırkı şəraitdə Fələstin dövlətinin yaradılmasının terrora dəstək olduğunu düşünürlər.

 

Seçilən
8
1
azertag.az

2Mənbələr