AZ

Pediatrdan xəbərdarlıq: Telefonlar uşaqların beyininə zərər verir

Yay aylarında uşaqların boş vaxtlarının çox olması onların informasiya və texnologiya məhsullarından asılılığını daha da artırır. Havanın isti keçməsi, tətil rejimi, evdə keçən uzun saatlar uşaqların telefonlarla və ekran qarşısında daha çox vaxt keçirməsini adi hala çevirir. Lakin bu halın uşaqların fiziki və psixoloji sağlamlığına ciddi təsirləri var.

 

Mövzu ilə bağlı pediatr Aytən İsmayılzadə Sfera.az–a açıqlama verib.

 

Pediatrın sözlərinə görə, təkcə yayda deyil, bütün fəsillərdə uşaqları telefonlardan uzaq saxlamaq vacibdir:

 

“Çünki bu hal uşaqlarda asılılıq yaradır. Saatlarla televizor və ya telefon qarşısında vaxt keçirmək beyin funksiyalarını pozur. Uşaqlarda iradəsizlik, sərbəstsizlik, eyni zamanda daxili gərginlik və aqressiya formalaşır. Buna görə də ilk növbədə valideynlər bu vərdişin nə qədər zərərli olduğunu dərk etməlidirlər”.

 

 

Mütəxəssis bildirib ki, valideynlər uşaqları ekran əvəzinə aktiv həyat tərzinə yönləndirməlidirlər:

 

“Uşaqları ev şəraitində, parkda, meşədə və ya rayon yerlərində gəzdirmək lazımdır. Təmiz hava mütləqdir. Bu zaman müxtəlif yaradıcılıq işlərinə, bişirmə proseslərinə və digər əyləncəli məşğuliyyətlərə cəlb edilməlidirlər. Yay düşərgələri, yay məktəbləri, üzgüçülük, müxtəlif idman və ya sənət dərnəkləri faydalı alternativlərdir. Əlbəttə, bu imkanlar hər ailə üçün əlçatan olmaya bilər, amma az da olsa planlı və məqsədyönlü təşkil edilərsə, müsbət nəticə əldə etmək mümkündür”.

 

A.İsmayılzadə qeyd edib ki, yalnız gəzintiyə çıxmaqla kifayətlənmək olmaz – əsas məsələ o vaxtın necə keçirilməsidir:

 

“Əgər gəzintidə belə proqram yoxdursa, uşaq yenə də telefonu əlinə alacaq. Ona görə də hər fəaliyyət planlı şəkildə təşkil olunmalıdır. Artıq 5 yaşdan yuxarı uşaqlara günün necə keçəcəyini başa salmaq, plan qurmaq olar. 5 yaşa qədər uşaqlara isə ümumiyyətlə telefon verilməməlidir. Çünki bu, onların oynayaraq öyrənməsi üçün ən vacib yaş dövrüdür”.

 

Pediatr onu da vurğuladıb ki, uşaqların yay tətilini sağlam və səmərəli keçirməsi üçün valideynlərin üzərinə böyük məsuliyyət düşür:

 

“Uşaqların asudə vaxtını səmərəli keçirmək onların hüququdur. Bu, eyni zamanda valideynin borcudur. Ekran vərdişləri ilə mübarizə yalnız qadağalarla deyil, doğru alternativlərin yaradılması ilə mümkündür”

 

Bəsti Rəfizadə
Sfera.az

Seçilən
31
1
sfera.az

2Mənbələr