Bakı, 31 iyul, AZƏRTAC
Sakit okeanın dibində kimyəvi məhsullarla qidalanan canlıların “oazisi” tapılıb. AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentlik yazır ki, Sakit okeanın şimal-qərbindəki iki okean xəndəyində heyrətamiz dərinliklərə enən tədqiqatçılar qidalarını əksər heyvanlar kimi üzvi məhsullarla deyil, kimyəvi maddələri enerjiyə çevirməklə əldə edən dəniz canlılarının inkişaf edən icmalarını kəşf ediblər.
Sualtı gəmidə Kuril-Kamçatka və Aleut xəndəklərinin dibinə enən dalğıclar kimyəvi sintezə əsaslanan bu heyvan icmalarını tapıblar, onların arasında boru qurdları və klams üstünlük təşkil edir. Bu canlılar günəş işığının nüfuz etmədiyi qaranlıq və soyuq aləmdə dənizin dibindən sızan hidrogen sulfid və metanla zəngin mayelərlə qidalanır.
Alimlər qeyd edirlər ki, bu ekosistemlər Yerin ən hündür zirvəsi olan Everest dağının hündürlüyündən daha böyük dərinliklərdə aşkar edilib. Ən dərin nöqtə isə Kuril-Kamçatka xəndəyində okeanın səthindən 9533 metr aşağıda olub. Bu dərinlik analoji heyvanların əvvəllər hər yerdə sənədləşdirilən yaşayış məkanından demək olar ki, 25 faiz daha dərindir.
Çərşənbə günü “Nature” jurnalında dərc olunan tədqiqatın müəlliflərindən biri olan Çin Elmlər Akademiyasının Dərin Dəniz Elmləri və Mühəndisliyi İnstitutunun dəniz geokimyaçısı Menqran Du deyib ki, müşahidə edilən kimya-sintetik həyatın heyrətamiz bolluğu və müxtəlifliyi alimləri təəccübləndirib.
Yeni araşdırmada alimlər “Fendouzhe” adlanan sualtı gəmidən istifadə ediblər. “Oazis”in tapıldığı Hadal zonası Yer qabığını təşkil edən qitə ölçülü plitələrdən birinin subduksiya adlanan prosesdə qonşu plitə altında sürüşdüyü yerdir. Alimlər bildirirlər ki, oradakı okean mühiti soyuq, tam qaranlıq və aktiv tektonik fəaliyyətlərlə xarakterizə olunur.
Bu tədqiqat həyatın Yerdəki bəzi ekstremal şəraitdə və potensial olaraq ondan kənarda necə inkişaf edə biləcəyini göstərir, eyni zamanda, planetimizdə kimya-sintetik icmaların dərinlik həddini genişləndirir. Gələcək işlərdə həmin canlıların bu qədər həddindən artıq dərinliyə necə uyğunlaşdıqları araşdırılacaq. Alimlər belə bir versiya da irəli sürürlər ki, oxşar kimya-sintetik icmalar yerdənkənar okeanlarda da mövcud ola bilər, çünki orada metan və hidrogen kimi kimyəvi növlər geniş yayılıb.