ABŞ 2018-ci ildən bəri İrana qarşı ən genişmiqyaslı sanksiya paketini elan edib. Bu tədbirlər İranın neft ticarətini idarə edən beynəlxalq gəmiçilik şəbəkəsinə yönəlib.
Sfera.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi 115-dən çox şəxs, şirkət və gəmini sanksiya siyahısına əlavə edib. Siyahıda keçmiş yüksək vəzifəli məmur Əli Şamxaninin oğlu Məhəmməd Hüseyn Şamxani və onun nəzarətində olan nəqliyyat şəbəkəsi də yer alıb.
Məlumata görə, şəbəkə 17-dən çox ölkədə 52 gəmi və onlarla şirkət vasitəsilə fəaliyyət göstərir. Əldə olunan gəlirlərin isə İranın nüvə və raket proqramlarının maliyyələşdirilməsinə yönəldiyi bildirilir.
Vaşinqton bu addımı İranın neft ixracını azaltmaq və rejim elitasının gəlir mənbələrini məhdudlaşdırmaq məqsədi ilə atıb.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri bildirib ki, tətbiq olunan sanksiyalar ciddi təsir gücünə malikdir. O qeyd edib ki, bu tədbirlər yalnız fiziki şəxslərə deyil, həm də İran neftini daşıyan tankerlərə, onlara məxsus şirkətlərə və həmin şirkətlərin ticarət əlaqəsində olduğu digər dövlətlərə şamil ediləcək.
Politoloqun fikrincə, bu sanksiyalar İran üçün neft satışında ciddi çətinlik yaradacaq və mövcud iqtisadi böhran şəraitində Tehranın vəziyyətini daha da ağırlaşdıracaq. O əlavə edib:
“Buna görə də əmin ola bilərsiniz ki, ABŞ-nin qoyduğu sanksiyalar İrana ciddi zərbə vuracaq”.
Fidan Hacızadə
Sfera.az