FHN-in Mükli müdafiə işinin təşkili Baş idarəsi 28-30 iyul tarixlərində Regional mərkəzlərin Mülki müdafiə idarələrinin rabitə, mühəndis və kimyaçı ixtisasları üzrə aidiyyəti məsul şəxsləri ilə toplantılar keçirib.
“2025-ci il üçün Fövqəladə Hallar Nazirliyi üzrə əsas tədbirlər Planı”nın müvafiq bəndinə uyğun olaraq reallaşdırılan toplantılarda məqsəd Nazirliyin Regional mərkəzlərində rabitə-xəbərdarlıq, mühəndis mühafizəsi, eləcə də radiasiya və kimyadan mühafizə ixtisasları üzrə vəzifələrin yerinə yetirilməsi həvalə edilmiş əməkdaşların fəaliyyət istiqamətlərinin daha da təkmilləşdirilməsi, həmin sahələr üzrə mövcud problemlərin müzakirə olunması və onların aradan qaldırılması istiqamətində birgə tədbirlərin görülməsi olub.
Baş idarənin əməkdaşları tərəfindən iştirakçılara müvafiq sahələr üzrə sənədlərin tərtibi, qüvvədə olan normativ hüquqi baza, rabitə-xəbərdarlıq, kollektiv və fərdi mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları barədə ətraflı məlumatlar verilib. Eyni zamanda DECON sisteminin (radiasiya, kimyəvi və ya bioloji çirklənməyə məruz qalmış zərərçəkmişlərin, xilasedicilərin geyimlərinin və mühafizə vasitələrinin çirklənmiş səthlərində olan radioaktiv, kimyəvi maddələrin, eləcə də bioloji vasitələrin təmizlənməsi, kənarlaşdırılması, zərərsizləşdirilməsi məqsədilə həyata keçirilən kompleks tədbirlər) açılması praktiki olaraq nümayiş olunub.
Toplantıda yaxından iştirak edən Nazirliyin Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsinin, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin və Mülki müdafiə qoşunlarının məsul vəzifəli əməkdaşları öz fəaliyyət istiqamətləri barəsində iştirakçılara məlumatlar veriblər.
Tədbirin sonunda müzakirələr aparılıb və suallar cavablandırılıb.