AZ

Deputat: “Ölkəmizdə sağlam siyasi dialoq var"

“Bu gün ölkəmizdə sağlam siyasi mühitin, demokratik institutların və milli maraqlar naminə ümummilli həmrəyliyin möhkəmləndirilməsinə xidmət edən siyasi dialoq platforması fəaliyyət göstərir”.

Bu sözləri Ana Vətən Partiyasının sədr müavini, Milli Məclisin deputatı Günay Ağamalı “Cebheinfo.az”-a açıqlamasında deyib. 

O bildirib ki, bu prosesdə müxtəlif siyasi qüvvələr iştirak edir: 

“Dövlətimizin başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə formalaşan bu dialoq mühiti Azərbaycanın gələcək inkişafının, sabitliyinin və milli birliyinin qorunması baxımından olduqca əhəmiyyətlidir. Lakin radikal mövqe nümayiş etdirən bəzi müxalifət partiyaları hələ də məsuliyyətsiz və destruktiv davranış sərgiləyərək, siyasi dialoqa qoşulmamaqla bir daha sübut edirlər ki, onların məqsədi xalqın maraqlarına xidmət etmək deyil, cəmiyyətdə qarşıdurma yaratmaq və ictimai etimaddan uzaq populist çıxışlarla öz mövcudluqlarını qoruyub saxlamaqdır”. 

Millət vəkili qeyd edib ki, onların mövqeyi ictimai rəydə və siyasi sistemdə ciddiyə alınmır: 

“Bunu tam məsuliyyətlə demək olar. Cəmiyyət tərəfindən bu yanaşma siyasi etikasızlıq və milli həmrəylik prinsipinə qarşı hörmətsizlik kimi qəbul edilir. Radikallar özlərini siyasi proseslərdən təcrid etməklə, əslində siyasi arenadan daha da uzaqlaşır və marginal xarakter daşıyır. Təəssüf doğuran məqam həm də odur ki, anarxist mövqe tutan bu kəsim Azərbaycanın günü-gündən artan beynəlxalq nüfuzunu, siyasi, iqtisadi və hərbi qüdrətini, regional liderlik mövqeyini həzm edə bilmirlər”. 

Günay Ağamalı Azərbayanın qələbələrini həzm edə bilməyənləri tənqid edib:

“Halbuki bu uğurlar hər bir azərbaycanlının qürur mənbəyidir. Azərbaycanın qələbələrini qəbul etməmək, dövlətin gücündən narahat olmaq və mövcud reallıqları görməzdən gəlmək təkcə siyasi səbatsızlıq deyil, həm də əbləhlikdir”. 

Seçilən
33
cebheinfo.az

1Mənbələr