AZ

Sloveniya Azərbaycanı etibarlı enerji tərəfdaşı hesab edir

“Yaşıl enerji” sahəsində əməkdaşlıq imkanları qiymətləndirilir 

Sloveniya Azərbaycanı enerji təhlükəsizliyinin təmin edilməsi və təbii qaz tədarükünün şaxələndirilməsində əsas tərəfdaş hesab edir. Sloveniyanın Ətraf Mühit, İqlim və Energetika Nazirliyinin açıqlamasına görə, birgə tərəfdaşlıq fasiləsiz qaz təchizatının təmin edilməsinə, strateji əlaqələrin gücləndirilməsinə və Cənub Qaz Dəhlizi də daxil olmaqla beynəlxalq enerji təşəbbüslərində və əlaqəli layihələrdə iştiraka yönəlib. İki ölkə arasında əməkdaşlığın istiqamətlərindən biri Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Geoplin” şirkətinin iştirakı ilə qaz infrastrukturunun inkişafıdır. Hazırda bu istiqamətdə fəal danışıqlar aparılır və rəsmi Lyublyana ölkəsi üçün hazırda əsas təzhizatçı olan Əlcəzairlə yanaşı, Azərbaycanla da bu istiqamətdə tədarükü təmin etməyə üstünlük verir. 
Qeyd edək ki, Azərbaycan 2024-cü il avqustun 1-dən Sloveniyaya qaz tədarükünə başlayıb və təchizatı həmin ilin iyulun 17-də SOCAR ilə Sloveniyanın təbii qaz bazarındakı ən iri şirkəti olan “Geoplin” arasında qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumuna əsasən Trans-Adriatik (TAP) boru kəməri vasitəsilə həyata keçirilir. Keçən il Sloveniyada mavi yanacağın ümumi istehlakının təxminən 5 faizi Azərbaycan qazının payına düşüb.  

Hidrogen və bərpaolunan enerji üzrə əməkdaşlıq

Sloveniya bununla kifayətlənmir və daha çox yanacaq almaq istəyir və hazırda qaz tədarükünün həcminin artırılması ilə bağlı danışıqlar aparılır. Eyni zamanda, digər enerji mənbələri üzrə qarşılıqlı əməkdaşlıq imkanları nəzərdən keçirilir. Xatırladaq ki, 2025-ci il aprelin 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası çərçivəsində “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Sloveniya Respublikasının Ətraf Mühit, İqlim və Energetika Nazirliyi arasında Energetika Sahəsində Əməkdaşlıq üzrə Anlaşma Memorandumu” imzalanıb. Sənəd  təbii qaz sahəsində enerji şirkətlərinin əməkdaşlığı və Sloveniyanın qazla təchizatı üzrə əməkdaşlığa başlanması enerji əlaqələrinin inkişafı ilə yanaşı, digər enerji mənbələri, o cümlədən hidrogen və bərpaolunan enerji üzrə əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdə tutur. 

“Xəzər-Qara dəniz” “yaşıl enerji” layihəsinə dəstək

İki ölkə arasında gündəlikdə duran əsas prioritetlərdən biri də “yaşıl enerji” sektorunda layihələrin icrasıdır. Sloveniya “Xəzər-Qara dəniz” sualtı enerji kabeli layihəsinin həyata keçirilməsini dəstəkləyir və bu layihədə iştirakının mümkün formalarını öyrənməyə açıq olduğunu bildirir. Apreldə Bakıda keçirilən Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 3-cü iclasında qəbul edilən “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) birinci mərhələsinin həyata keçirilməsinə dair niyyət sənədini dəstəkləyənlərdən biri də Sloveniyadır.
Ətraf mühit, iqlim və energetika naziri Boyan Kumer qeyd edib ki, ölkəsinə aid texnologiya  şirkətləri Azərbaycanda bərpaolunan enerji mənbələri sahəsində investisiya fəaliyyətini dəstəkləyir. Sloveniyanın “yaşıl enerji” üzrə ötürücü sistem operatorları (TSO) Avropada ağıllı şəbəkələr quruculuğunda yenilikçi şirkət kimi özünü təsdiqləyib və ağıllı şəbəkələr, hidrogen enerjisi, enerji saxlanc sistemləri və “yaşıl enerji” sisteminə inteqrasiya sahəsində yaxşı təcrübəyə malikdir. Bu baxımdan, Azərbaycanla tərəfdaşlıq ölkəmizdə “yaşıl enerji” çərçivəsində müasir texnologiyaların tətbiqi üçün əla fürsərlər yaradır. 
Sloveniya, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında hidrogen sahəsində əməkdaşlığın dərinləşməsini alqışlayır və bu qarşılıqlı əlaqənin genişləndirilməsi ilə bağlı gələcək müzakirələrə hazır olduğunu bəyan edir. 

Sloveniya Orta Dəhlizə qoşulmaq niyyətindədir

Hazırda Avrasiya regionunda yaranmış yeni geosiyasi düzən və fraqmentasiyalar fonunda meydana çıxan nəqliyyat-logistika xətlərinin şaxələndirilməsi bir çox ölkəni qlobal hablardan birinə çevrilən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz) marağını artırır və bu nəqliyyat arteriyasına qoşulmaq istəyən ölkələrdən biri də Sloveniyadır. İki ay əvvəl Qazaxıstan və Sloveniyanın dövlət başçıları - Kasım-Jomart Tokayev və Nataşa Pirç Musarın görüşü zamanı nəqliyyat və logistika sektorunda kommunikasiyaların əhatə dairəsinin genişləndirilməsi zamanı rəsmi Lyüblyana Orta Dəhlizə qoşulmaq niyyətini ifadə edib. Sloveniya hökuməti Luka Koper dəniz limanının digər nəqliyyat xətlərinə inteqrasiya olunması sayəsində Orta Dəhlizə çıxış eldə etmək istəyir. Nataşa Pirç bildirib ki, Qazaxıstanla əldə edilmiş ortaq razılığa əsasən, yaxın vaxtlarda səlahiyyətli orqanlar nəqliyyat sxemlərinin əlaqələndirilməsi üçün konkret addımlar atacaq.

İqtisadi-ticari əlaqələrə dair prioritetlər

Sloveniya Azərbaycanı etibarlı tərəfdaş və sadiq tədarükçü, iqtisadi təchizatçı hesab edərək digər sahələrdə də yeni anlaşmalar əldə etməyə çalışır. Sloveniyanın xarici işlər və Avropa işləri üzrə naziri Tanya Fayon bildirib ki, ölkəsi Azərbaycanla qonşu olmasa da, ətraf coğrafiyalarla kommunikativ bağlantılar qurmaqla qarşılıqlı əlaqələri inkişaf etdirmək niyyətindədir. Bu məqsədlə hökumət və biznes nümayəndələrindən ibarət komanda yeni strateji sənəd layihəsi hazırlayıb. 
Bundan başqa, tərəflər turizm sektorunun potensialını nəzərdən qaçırmamaq, bu istiqamətdə imkanları səfərbər etməkdə maraqlıdır. Hər iki ölkənin zəngin mədəni irsi, möhtəşəm təbiəti və tarixi abidələri qarşılıqlı turizm üçün geniş imkanlar yaradır. Sloveniyanın iqtisadiyyat, turizm və idman nazirinin katibi Mitja Blaganje isə avtomobil sənayesi sahəsində Azərbaycanla birgə müəssisələr yaradaraq regionda geniş maşın təchizatı şəbəkəsi qurmağı təklif edib.

Qarabağ və Şərqi Zəngəzurda biznes maraqları 

Azərbaycan Sloveniya şirkətlərinin biznes planlarının təkcə paytaxtla məhdudlaşmasını istəmir, regionlararası biznes əlaqələrinin inkişafı və əməkdaşlığın şaxələndirilməsi üçün təşviqedici addımlar atmaq, bölgələrə qarşılıqlı investisiyaları cəlb etmək üçün səmərələşdirici alətləri tətbiq etməyi düşünür. Bu siyasət çərçivəsində Sloveniya şirkətlərini Qarabağ və Şərqi Zəngəzurda icra olunan biznes layihələrinə də dəvət edib. Ölkəmizin əlverişli geostrateji mövqeyi, regionda lider iqtisadiyyatı, müasir infrastrukturu, ələ?x?sus da azad ərazilərdə xarici investorlar üçün yaradılan sağlam investisiya mühiti, tətbiq olunan vergi, gömrük güzəştləri, iqtisadi stimullar, digər güclü dövlət dəstəyi tədbirləri xarici iş adamları, o cümlədən sloveniyalı biznes icması üçün yaxşı fürsətlər yaradır.
Beləliklə, Azərbaycan-Sloveniya arasında enerji sahəsində yaranmış yaxı əməkdaşlıq formatı digər sahələrdə də imkanları səfərbər etməklə iqtisadi-ticari bağlantıları yeni mərhələyə yüksəldəcək, dövlət şirkətləri ilə yanaşı, özəl biznes sektorunda investisiya və sərmayələrin həcminin artmasına şərait yaradacaq.


ELBRUS CƏFƏRLİ

Seçilən
11
yeniazerbaycan.com

1Mənbələr