AZ

Orta Dəhlizdə bəyannamələrin rəsmiləşdirilməsi müddəti 16 dəfə azaldılıb

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (TBNM, Orta Dəhliz) bəyannamələrin rəsmiləşdirilməsi müddəti 8 saatdan 30 dəqiqəyə (16 dəfə az) endirilib.

“Report” Qazaxıstan bürosunun Akordaya istinadən verdiyi məlumata görə, bu barədə "Qazaxıstan Dəmir Yolları" (KTJ) SC-nin İdarə Heyətinin sədri Talqat Aldıbergenov Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə şirkətin bu ilin I yarısındakı fəaliyyətinin nəticələri barədə məruzə edərkən bildirib.

T.Aldıbergenov qeyd edib ki, yanvar-iyun aylarında yük dövriyyəsi 8,6 % artıb. Tranzit daşımalarının (Qazaxıstan üzərindən - red.) həcmi 14,6 milyon tona çatıb.

Onun sözlərinə görə, terminal şəbəkəsinin genişləndirilməsi istiqamətində işlər davam edir. "Rəqəmsallaşdırma məsələlərinə xüsusi diqqət yetirilir. Qlobal innovasiya liderlərinin tərəfdaşlığı ilə dəmir yolu nəqliyyatının keyfiyyətinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin edilməsi üzrə işlər aparılır. TBNM-də bəyannamələrin rəsmiləşdirilməsi vaxtı azaldılıb", - məlumatda bildirilib.

K.Tokayev nəqliyyat infrastrukturunun daha da modernləşdirilməsinin vacibliyini qeyd edib, Qazaxıstanın tranzit potensialının və iqtisadiyyatının inkişafında KTJ-nin mühüm rolunu vurğulayıb.

TBNM Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir.

2024-cü ildə Orta Dəhlizlə yükdaşımaların həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə onun 5,2 milyon tona qədər artacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrutda iştirak edən ölkələrdən keçəcək. Bu həcmin 2,5 milyon tonu quru yüklərin (96 min TEU ekvivalenti), 1,7 milyon tonu isə neftin payına düşəcək.

2027-ci ilə qədər marşrutun buraxılış qabiliyyəti ildə 10 milyon tona çata bilər.

Seçilən
40
1
report.az

2Mənbələr