AZ

Ən uca zirvədir şəhidin yeri!

O, niyə dönüb arxaya baxdı?

Söhbət şəhid Vəliyev Məmməd İsrafil oğlundan gedir. O,1961-ci ildə Gürcüstanda dünyaya göz açmışdır. Cəmi otuz iki il ömür sürsə də əbədiyaşarlıq qazandı. Ailəcanlı olan Məmməd az yaşasa da rahat bir gün keçirmədi. Texniki peşə məktəbində qaldırıcı kran maşinisti peşəsinə yiyələndi. Ona yüksək maaş verirdilər, çünki riskli sahə hesab olunurdu. Onsuz da həyatı başdan-başa, təhlükələrlə,  risklə dolu idi.

Canından da artıq sevdiyi bir qız vardı. “Ondan başqa bu dünyada başqa birisinə baxmaram”- deyirdi. Çox keçmədi ki, bu arzusuna çatdı. Təmtəraqlı toy edib ailə qurdu. Təzə həyatından çox məmnun idi, xoşbəxt günlər keçirirdilər. Ancaq fələyin nə saydığını bilə bilməzdilər. Qarşıda bu xoşbəxtliyə zəhər qatılacağından hələ xəbərləri yoxdu.

Həmin vaxt milli zəmində baş verən hadisələr rahat həyatı pozurdu. Çıxış yolu tapmaq lazım idi. Məmməd eşitmişdi ki, Daşkəsən rayonundakı Bayan kəndində erməni ailələri evlərini satıb Ermənistana və xarici ölkələrə gedirlər. Amasiyalılardan orada ev alanlar az deyildi. Odur ki, Məmməd Gülnarəni , oğlu Romeşi, qızı Ramiləni də götürüb Bayana gəldi. Çünki böyük bacısı Güləsdi də ailəsi ilə o kənddə yaşayırdı. Çətinliklə olsa da bir ev alıb orada yaşamağa başladılar. Bu, elə bir zamana təsadüf edirdi ki, erməni quldur dəstələri Azərbaycan kəndlərinə hücum edir, uşağa, qocaya, qadına, xəstəyə, şikəstə aman vermədən hamını öldürür, şeytanın belə ağlına gəlməyən üsullarla işgəncələr verirdilər. Həkim, şair Zori Balayan əsl cəlladlıq edirdi. O, Xocalıda səkkiz yaşlı qız uşağının vena damarını kəsərək neçə dəqiqə  dözə biləcəyinə tamaşa etmişdi. Qızcığaz qanitirmədən cəmi bir neçə dəqiqədən sonra ölmüşdü. Qaniçən vəhşi məclislərdə bundan həzz aldığını bildirmişdi.

Xocalı faciəsindən sonra Məmməd kənddə özünə yer tapa bilmirdi, əzab çəkirdi, elə hey “mən Vətənin hansı günündə lazımam, könüllülər batalyonuna yazılacağam,”-deyirdi. Elə də etdi. Könüllülər çox olduğundan əvvəl onları Şəmkir ərazisindəki Seyfəli poliqonuna qısamüddətli hərbi hazılığa gətirdilər. Sonra daşkəsənli könüllülər bir dəstədə birləşib Ağdam istiqamətinə getdilər. Gənc Məmməd onu yola salarkən üç dəfə dönüb  arxasınca göz yaşı axıdan baxan ailəsinə baxdı. Ancaq heç nə demədi. Gülnarə indi də unuda bilmir ki, o, niyə dönüb baxırdı? O gözlərdə min məna oxunurdu. Bəlkə hiss etmişdi ki, bu gediş son gedişidir. Bəlkə...Bəlkə...Bəlkə... Səbəbini tapa bilmədiyi bu  bəlkələr indi  də Gülnarəni yandırıb-yaxır, o barədə danışanda bir cüt damla yaş mirvari kimi yanağı aşağı süzür.

...Bu da cəbhə xətti. Əzablarla dolu günlər başlandı. Hər yerdə şaxta tüğyan edir, qarşıda  amansız düşmən, hər an ölüm qorxusu, arxada aclıq, silah çatışmazlığı, yuxusuz, səksəkəli gecələr, təhlükəli qarovullar...Vahid komandanlıq olmadığından döyüşlər nizamsız, taktikasız və pərakəndə aparılırdı ki, bu da məğlubiyyətə səbəb olurdu. Hakimiyyətdəkilər ordu quruculuğunu başlı-başına buraxmışdilar. Bakıdan göndərilən zabitlərin arasında casuslar vardı ki, onların da bəziləri batalyonların planlarını düşmənin xeyrinə dəyişmək üçün əlaltdan “”işləyirdilər.”

1993-cü ilin son günləri idi. Ayın 28-də Məmmədin döyüşdüyü dəstə Ağdam ətrafındakı “çadır şəhərciyi”nə gətirildi. Plan belə idi ki, günortadan sonra hücumla düşmən səngərlərini alınsın. Həkim olmadığından Məmməd tibb qardaşı kimi yaralı əsgərlərə kömək etməli idi. Lakin günortaya hələ xeyli qalmış düşmən tərəfdən sürəkli atəş açıldı. Ermənilər artilleriyadan,  piyadaların döyüş maşınlarından od yağdırdılar. Daldalanmaq üçün hərə bir yer axtardı və bununla da döyüş nizamı pozuldu. Sağdan və soldan düşmən PDM-ləri mövqelərimizə doğru irəliləyidi. Bu zaman könüllülərdən biri qorxmadan səngərdən çıxıb dizləri üstə durdu və qumbaraatanla PDM-in birini nişan aldı. Lakin mərmi hədəfə dəymədi. Bu səhnəni izləyən Məmməd avtomatını qaldırıb daraqdakı bütün patronları PDM-ə doğru boşaltdı. Lakin bir az aralıda döyüş yoldaşı Farizin yaralanıb yıxıldığını gördü. Dərhal onun yanına süründü, ayağındakı yaranı sarıyanda qəfil düşmən gülləsi onu da  haqladı. Son sözünü belə söyləyə bilmədi.

Deyilənə görə, Məmmədi də, Farizi də Fransadan muzdla gətirilmiş snayper Janna adlı “dişi canavar” vurmuşdu. Onun əlləri bir çox döyüşçümüzün qanına batmışdı. Lakin su sənəyi suda sınar,-deyiblər. Janna Tərtər uğunda gedən qanlı vuruşmalardan birində öldürüldü. Meyidini Ağdərədə it kimi bir quyuya atıb basdırdılar.

Məmmədin cənazəsi böyük şərafətlə gətirilib uğrunda canını qurban verdiyi torpaqda-Gəncə şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırıldı. Məzarı and yerinə çevrildi. Bayanda hamının görə biləcəyi yerdə isə Məmmədin və qəhrəman şəhid dostlarının müqəddəs ruhuna xatirə ansamblı ucaldıldı. Daşkəsənlilərin döyüş yollarından bəhs edən kitabda Məmmədin də qəhrəmanlığından yazı dərc olundu.

Məmməd Vəliyev bu dünyada iz qoyub getdi. Vətənpərvər döyüşçü cəmiyyətə iki ləyaqətli övlad bəxş etdi. İndi onun ocağında görə bilmədiyi altı nəvə böyüyür. Fidan, Məhəmməd, Samir, Bayram, Elcan və Türkan. Onlar üzünü görmədikləri baba evinin şam-çıraqlarıdır. Nəvələr gələcəkdə igid babaları ilə fəxr edəcəklər.

Vəli İlyasov, “İki sahil”

Seçilən
3
ikisahil.az

1Mənbələr