Ajans.az xəbər verir ki, “Avropalılarla danışıqlar aparmağa hazırda heç bir səbəb yoxdur, çünki onlar sanksiyaları ləğv edə bilməz, heç nə edə bilmirlər,” – deyə Abbas Araqçi bildirib. ABŞ, Tehran danışıqlara qayıtmazdan əvvəl İranın nüvə proqramına ABŞ hücumları nəticəsində dəymiş zərəri kompensasiya etməlidir. Bu barədə İranın xarici işlər naziri Abbas Araqçi Financial Times qəzetinə müsahibəsində bildirib. “Onlar izah etməlidirlər ki, niyə danışıqların ortasında bizə hücum etdilər və bir daha bunun təkrarlanmayacağına zəmanət verməlidirlər,” – deyə Araqçi bildirib. “Onlar İrana vurduqları zərərə görə kompensasiya ödəməlidirlər,” – deyə o əlavə edib. Araqçi qeyd edib ki, danışıqların bərpa olunması ehtimalı hələ də mövcuddur, lakin Tehranda ABŞ-ın diplomatik təşəbbüslərinə olan inamsızlıq daha da dərinləşib. “İnsanlar mənə deyirlər ki, ‘Artıq vaxt itirmə, onlara aldanma… Onlar danışıqlara yalnız başqa məqsədlərini ört-basdır etmək üçün gəlirlər,’” – deyə Araqçi bildirib. İranın xarici işlər naziri Avropa ölkələri ilə də hazırda danışıqlar aparmaq üçün bir səbəb görmədiyini deyib: “Avropalılarla hazırda danışıqlara ehtiyac yoxdur, çünki onlar nə sanksiyaları ləğv edə bilirlər, nə də başqa bir şey edə bilirlər. Əgər onlar ‘snapback’ (yəni BMT Təhlükəsizlik Şurasının sanksiyalarını bərpa edən mexanizm) tətbiq etsələr, bu, onların yolunun sonu olacaq,” – deyə vurğulayıb.