AZ

Qazaxıstan 2025-ci ildə BTC boru kəməri ilə neftin ixracına dair proqnozunu təsdiqləyib

Qazaxıstan Energetika Nazirliyi 2025-ci ildə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 1,7 milyon ton həcmində neft ixracına dair planlarını təsdiqləyib.

“Report”un Qazaxıstan bürosunun məlumatına görə, bu barədə respublikanın energetika naziri Yerlan Akkenjanov bildirib.

Onun sözlərinə görə, 6 ay ərzində BTC ilə təxminən 800 min ton neft nəql edilib.

"İş davam edir, bu bizim əsas alternativ marşrutlarımızdan biridir. Əgər 2024-cü ildə bu istiqamətdə təxminən 1,4 milyon ton ixrac olunubsa, 2025-ci ildə təxminən 1,7 milyon ton nəql etməyi planlaşdırılır", - o əlavə edib.

Qeyd edək ki, bu ilin yanvarında Qazaxıstanın Energetika Nazirliyi 2025-ci il üçün BTC ilə Qazaxıstan neftinin planlaşdırılan ixrac həcminin 1,5 milyon ton olduğunu bildirmişdi. Lakin fevral ayında "KazMunayQaz"ın (KMG) İdarə Heyətinin sədr müavini Kurmanqazı İskaziyev bu göstəricinin 1,7 milyon tona qədər artırıldığını bəyan etdi.

Ötən ilin martında KMG və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ölkə ərazisindən neft tranzitinin mərhələli şəkildə artırılması barədə saziş imzalayıblar. Sənəd tədarük həcminin ildə 2,2 milyon tona qədər artırılmasını nəzərdə tutur.

2023-cü ildə Aktau limanından BTC sisteminə təxminən 1,1 milyon ton Qazaxıstan nefti göndərilib. Ötən il isə 1,4 milyon ton yüklənib.

Xatırladaq ki, 2022-ci ildə KMG ilə SOCAR arasında Qazaxıstan neftinin tranziti barədə saziş imzalanıb. 2023-cü ilin mart ayında “Kaşağan” yatağından Azərbaycan ərazisi ilə test rejimində 7 min ton neft göndərilib.

Seçilən
16
report.az

1Mənbələr