Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 24 aprel 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişiklik edib.
“Report” xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra istehlak krediti xətləri 40 %-lə (kreditə konvertasiya əmsalı – 0,4) kreditə konvertasiya ediləcək. İstehlak krediti xətlərinin istifadə edilməmiş hissəsi (balansdankənar hesablarda uçota alınan) kreditə konvertasiya edildikdən sonra 100 %-lik risk qrupuna aid ediləcək.
Bundan başqa, müqavilə əsasında banka birtərəfli qaydada tam yerinə yetirməmək hüququ verən öhdəliklər – 0 %-lə (kreditə konvertasiya əmsalı – 0) kreditə konvertasiya edilərkən istehlak krediti xətləri nəzərə alınmayacaq.
AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.