Azər Badamov: “Kazino sektoru dövlətə milyardlarla gəlir gətirə bilər”
“Kazino ölkə vətəndaşı üçün yox, imkanlı turistlər üçündür”
Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı fərmanla Xəzər dənizinin (gölünün) ölkəmizə mənsub bölməsində süni torpaq sahələrində kazino oyunlarının təşkili üçün lisenziyaların verilməsi səlahiyyəti Dövlət Turizm Agentliyinə həvalə olundu. Bu qərar oyun biznesinin tənzimlənməsi ilə yanaşı turizm strategiyasının yeni mərhələyə keçidi baxımından əhəmiyyətli bir dönüş nöqtəsidir.
Əksər ölkələrdən fərqli olaraq, Azərbaycanda bu fəaliyyət yalnız süni şəkildə yaradılmış torpaq sahələrində və əsasən xarici turistlər üçün nəzərdə tutulmuş məhdud formatda həyata keçiriləcək. Bu isə həm coğrafi, həm də demoqrafik məhdudiyyətlərin tətbiqi deməkdir.
Hazırkı qanunvericilik dəyişiklikləri bu sahədə ciddi nəzarət və tənzimləmə mexanizmlərinin formalaşdırılmasını nəzərdə tutur. Məsələn, 21 yaşa qədər şəxslərin pul uduşlu oyunlara buraxılması qadağandır. Bu mühafizəkar və ehtiyatlı yanaşma, eyni zamanda həssas sosial qrupların qorunmasına xidmət edir.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, Milli Məclisin deputatı Azər Badamov Sherg.az-a bildirib ki, qloballaşan dünyada hansı ölkələr dövrün çağırışlarına daha tez reaksiya verib uyğunlaşırsa, o ölkələr də daha çox qazanc əldə edir və digərlərindən bir addım qabaqda olurlar:
"Qlobal turizm bazarının çağırışları çox ciddidir. Həmçinin neftdən sonra ölkələrə ən çox gəlir gətirən bu sektorun inkişaf etməsi ölkənin inkişaf templərinə yeni impuls verir. Turizm sektoru çox sahəli olmaqla ölkələrin iqtisadi və sosial həyatının inkişafına töhfə verir. Belə ki, turizm sektorunun inkişafı restoran, ticarət, otelçilik, kənd təsərrüfatı, məşğulluq, sosial rifah və digər sahələrin inkişafına dolayısı ilə müsbət təsir göstərməklə iqtisadiyyatın kompleks inkişafını təmin edir. Bu baxımdan ölkələr dünya turizm bazarından daha çox pay almağa çalışır və bu sektoru ölkələrin əsas gəlir mənbəyinə çevrilir. Turizm sektorunun özü müxtəlif sahələrə bölünür. Yay turizm, dəniz turizm, sağlamlıq turizm, təhsil turizm, dağ turizm, qış turizm və.s qeyd etmək olar. Dünya turizm bazarının ən gəlirli sahələrindən biri də kazino sənayesidir. Bu sənayenin bir neçə ölkəyə gətirdiyi gəlirləri təhlil etsək görərik ki, 2023-cü ildə ABŞ-ın Las Veqasında kazino sənayesinin gəlirləri 60 mlyard dollar, Çinin Makao bölgəsində 22,7 milyard dollar, Rusiyada 2,1 milyad avro, Gürcüstanda 28 milyad dollar, Qazaxıstanda 3 milyard dollar olmuşdur".
Deputanın sözlərinə görə, kazino sənayesi inkişaf etmiş dövlətlər iqtisadiyyatları dinamik inkişafda olanlardır:
"Onların dövlət büdcəsinə bu sektordan milyardlarla dollar gəlirlər gəlir. Bu da dövlətlərin büdcələrin möhkəmlənməsinə verilən töhfə kimi qeyd etmək olar. Kazino sektorunun inkişaf etdiyi ölkələrin təcrübəsi onu göstərir ki, həmin ölkələr kazinoların fəaliyyətinə məhdud ərazilərdə icazə verir. Məsələn Rusiya 4 şəhərdə, Qazaxıstanda bir neçə yerdə, Çində Makaoda və.s qeyd etmək olar. Azərbaycan da kazino sənayesini inkişaf etdirmək üçün müəyyən addımlar atır. İlk növbədə kazinoların fəaliyyəti ilə bağlı hüquqi baza yaradıldı. Bəli, ölkəmizdə kazinolara dənizdə yaradılmış süni torpaq sahələrdə icazə verilir. Bu çox doğru yanaşmıdır. Çünki, kazinolar ümumi itimai həyatdan uzaq ərazilərdə yerləşməlidir. Qanunvericilikdə kazino fəaliyyəti üçün lisenziyanın qiyməti hər il üçün 340 min manat müəyyənləşdi. Bu da dövlət büdcəsinə hər il stabil öldəniləcək böyük məbləğ olacaqdır. Bundan əlavə kazino fəaliyyətində böyük gəlirlər gözlənilir ki, bu da dövlət büdcəsinə əlavə vergi gəlirlərinin gəlməsinə yol açacaq. Kazino sənayesinin inkişafı yeni iş yerlərin yaranmasına töhfə verəcək. Kazino bahalı biznes olduğundan bu sahədə məşğul olanlar da yüksək əməkhaqqı alacaqlar. Bu da həmin insanların əmək və sosial vəziyyətinə müsbət təsir göstərəcək. Kazino sənayesinin inkiafı digər sahələrin inkişafına da müsbət təsirsiz ötüşməyəcək. Belə ki, otelçilik, restoran şəbəkəsinin inkişafına yeni bir impuls qatılacaq. Ümumi götürüləndə kazino müştəriləri imkanlı təbəqədir. Bu baxımdan kazino sənayesinə yüksək imkanlı şəxlərin əyləndiyi bahalı sektor olduğunu deyə bilərik".
Azər Badamov qeyd edib ki, ölkəmizdə yaradılacaq kazino sektoru ölkə əhalisinin əyləncəsi üçün yox, regionun və böyük bir coğrafiyanın imkanlı turistlərini cəlb ediləcəyi yer kimi nəzərdə tutulub:
"Bu sahə fəaliyyətə başlayandan sonra yaxın və uzaq ölkələrdən kazino oynamaq üçün ölkəmizə gələn imkanlı şəxslərin sayı artacağını hesab edirəm. Təbii ki, bu da xarici valyutanın ölkəmizə gəlməsi üçün yeni imkanların açılması deməkdir. Təssüf ki, cəmiyyətdə kazino adı eşidilən kimi düşünmədən və onun verəcəyi xeyirləri bilmədən qeyri adekvat reaksiya verənlər də var. Amma birmənalı şəkildə qeyd edə bilərəm ki, Xəzər dənizinin süni torpaq sahəsində yaradılacaq kazino sənayesi ölkəmizə əlavə gəlirlər gətirəcək və bunun mənfi tərəfləri olmayacaq. Kazino da turizmin bir sektorudur. Bu sektor turizmin ən bahalı sahəsi hesab olunur. İnkişaf etmiş ölkələr dünya turizminin bu sektorundan daha çox pay almağa çalışır. Azərbaycanın yerləşdiyi coğrafiya, ölkəmizin inkişaf səviyyəsi, təhlükəsizlik, ictimai-siyasi sabitlik və kazino fəaliyyəti üçün yaradılmış hüquqi baza dünya kazino turizm bazarından müəyyən qədər pay almağımıza imkan verir. Bu imkanımızı müsbət dəyərləndirərək Azərbaycanı dünyada inkişaf etmiş ölkə və təhlükəsizlik adası olduğunu bu sahənin inkişafı ilə nümayiş etdirməliyik".