Bu mövsüm Azərbaycan Premyer Liqasının kifayət qədər həyəcanlı keçəcəyi proqnozlaşdırılır.
Buna səbəb uzun illər sonra əsas elitamızda 12 klubun mübarizə aparmasıdır. Üstəlik, onların böyük əksəriyyətinin bölgələri təmsil etməsi liqaya olan marağı daha da artırır.
Yenə də şübhəsiz ki, əsas favorit "Qarabağ"dır. Digər hansı komandaların isə sürpriz edəcəyi maraq doğurur. Xüsusilə, "Zirə" və "Turan"ın adı burada bir addım önplana çıxır.
Yeni mövsümdə hansı komandaların liqada sürpriz edəcəyi proqnozlaşdırılır?
Mövzu ilə bağlı futbol mütəxəssisi Aslan Kərimov Hit.az-a açıqlama verib. O bildirib ki, "Zirə" və "Turan"ın edəcəkləri sürpriz olmayacaq:
"Çünki hər iki komanda keçən il göstərdikləri performansla yüksək yerlər uğrunda mübarizə apardılar. Xüsusilə "Zirə" ikinci yeri tutaraq böyük uğura imza atdı. Bu il də həmin uğurların təkraralana biləcəyi istisna deyil. "Neftçi", "Sabah" və "Araz-Naxçıvan" da yeni mövsümə iddialı girəcəklər.
Ümumiyyətlə, avrokuboklarda çıxış edən 4 klubumuzun hamısı onu göstərdi ki, Premyer Liqada zirvə mübarizəsi apara biləcək səviyyədədirlər. "Neftçi" və "Turan" isə etdikləri transferlərlə diqqət çəkirlər. Yəni bu komandalardan hansısa 2 və ya 3-cü olması sürpriz sayılmayacaq".
Ekspertin sözlərinə görə, digər komandalarla bağlı isə indidən bir söz demək çətindir:
"Hesab edirəm ki, "Qarabağ", "Neftçi", "Zirə", "Turan", "Araz-Naxçıvan" və "Sabah" ilk altılıq uğrunda mübarizə aparacaqlar. "Qəbələ", "Sumqayıt", "Kəpəz", "Şamaxı", "Karvan" və "İmişli"nin isə necə çıxış edəcəyini proqnozlaşdırmaq çətindir. Çox güman ki, liqanın ilk 5 turundan sonra artıq komandaların ümumi vəziyyətini təxmin etmək mümkün olacaq".
Pərviz